“Gürcü Arzusu” 10 avqust tarixində Kənan Ömərovu rəsmi şəkildə
Marneuli meri vəzifəsinə namizəd olaraq elan etdi.
Namizədlərin elan edilməsi prosesində Baş nazir İrakli Qaribaşvili
bildirdi ki, onların birinci tapşırığı və məqsədi maksimum dərəcədə
diqqət, əhali ilə ünsiyyət olmalıdır.
Ömərov 19 avqust tarixindən seçkiqabağı görüşlərə başlayıb.
Görüşlər barədə məlumatı onun rəsmi “Facebook” səhifəsindən
götürmüşük. Çünki Kənan Ömərovun növbəti görüşlərinin harada
keçiriləcəyi “Marneuli” radiosuna məlum deyil. Mer vəzifəsinə
namizəd bizimlə müsahibədən də imtina edir və xahiş edir ki, ona
sualları yazılı şəkildə göndərək. Müvafiq olaraq bizə həmin
sualların cavabı da yalnız yazılı şəkildə gələcək.
“Bələdiyyəyə strateji inkişaf planı lazımdır və bütün
başlanılmış işlər, geniş miqyaslı infrastruktur layihələri tamamilə
başa çatmalıdır. Biz Marneulinin sabahkı gününü əhali ilə birlikdə
planlaşdırmalıyıq!” – Ömərov bu çıxışı 19 avqust
tarixində, Marneuli Kitabxanasının qarşısında keçirilmiş görüşdə
edib.
Ömərovun “Facebook” səhifəsində paylaşılan məlumatlardan aydın olur
ki, ilk seçkiqabağı görüşü zamanı “Gürcü Arzusu”-nun mer vəzifəsinə
namizədi Marneulinin majoritar deputatlığa namizədlərini təqdim
edib. Hər görüşdən sonra yayımlanmış materialda isə oxuyuruq ki,
mer vəzifəsinə namizəd görüşdə iştirak edən vətəndaşlarla birlikdə
yerli icma problemlərini müzakirə edib. Onların yayımladığı
məlumatda vətəndaşların “Gürcü Arzusu” –nun Marneuli meri
vəzifəsinə namizədi ilə görüş zamanı hansı əsas problemləri qeyd
etdiyi yazılmayıb.
“Yerli sakinlər mənimlə söhbətləri zamanı razılıqlarını bildirdilər
və gələcəkdə kənddə həyata keçiriləcək layihələrdən danışdılar. Mən
onlara vəd verdim ki, bələdiyyədə aparılan bütün işlər tam başa
çatdırılacaq, gələcəkdə isə daha geniş miqyaslı layihələr həyata
keçirəcəyik”, – Ömərov bu bəyanatı 21 avqust
tarixində, Maradisi kəndində keçirilmiş görüşdə verib.
Qeyd edək ki, Ömərovun rəsmi “Facebook” səhifəsində yayımladığı
materiallarda, əksər hallarda, Marneulidə son illərdə həyata
keçirilmiş və indi həyata keçirilən infrastruktur layihələri
vurğulanır.
Ömərovun seçkiqabağı kampaniya çərçivəsində indiki mərhələdə son
görüşü biznes sektorun nümayəndələri ilə baş tutub. Ömərov
“Facebook” səhifəsində 5 sentyabr tarixində məlumat paylaşıb. O,
bundan sonra seçkiqabağı görüş keçirməyib. Namizəd “Marneuli”
radiosu ilə ünsiyyət qurmağa isə yalnız yazılı formatda üstünlük
verir.