Qardabanili fəal "Gürcü Arzusu"-nu və hüquq-mühafizə orqanlarını təzyiqdə ittiham edir
Qardabanili mülki fəal Xəlil Nuriyev ailə üzvünə qarşı açılan cinayət işini şəxsi fəaliyyəti ilə əlaqələndirir.

Nuriyevin sözlərinə görə, Qardabani rayonunda “Gürcü Arzusu” tərəfdarları bir aydan çoxdur ki, onu hədələyərək seçkilər və referendumla bağlı heç nə yazmamasını tələb edirlər.

Avqustun 8-də, təxminən saat 3 radələrində, Nuriyev və qardaşı Rustavi Maliyyə Polisi Bölməsinə çağırılıb.

"2000-ci illərdə dövlətin kütləvi özəlləşdirmə zamanı verdiyi torpaqların sənədlərini göstərərək, bu sənədlərdəki imzanı soruşdular. Biz birmənalı dedik ki, bu imzalar bizim deyil. Atam da bizimlə getmişdi, baxdı və dedi ki, “mənim imzamdır. 2017-ci ildə bu sənədləşdirmə olan zaman, pulsuz qeydiyyat zamanı reyestrin nümayəndəsinə oğullarımın kənddə olmadıqlarını dedim, dedilər kimsə imza atmalıdır, bütün kənddə olduğu kimi, hamı atasının, qohumunun, oğlunun yerinə imza atırdı. Çünki torpağa heç kimin iddiası yoxdur, qanuni olduğu üçün sadəcə formal bir imzadan gedirdi söhbət. Mən atmışam imzanı”, – atam dedi və bu dəfə atama qarşı cinayət işi açdılar və atamı saxta imza atmaqla suçladılar."

Xəlil Nuriyevin sözlərinə görə, Maliyyə Polisi İdarəsində bir neçə saat keçirdilər, sonra müstəntiqlər torpaq sənədlərinin orijinal variantlarının təqdim edilməsini istəyiblər. Fəalın sözlərinə görə, sənədlər evlərində olub və onlar hüquq-mühafizə orqanlarına təqdim edilib.

"Bizim evimizə gələn polislərə zəng gəldi və onlara dedilər ki, başqa bir qrup da gəlir. Mən də dedim ki, gəlsinlər, amma mən də zəng vurub televiziyaları çağıracağam. Bundan sonra mənə heç yerə zəng etməyə ehtiyac olmadığını dedi, sonra getdilər. Onlar sənədləri də götürdülər, mən o sənədlərin şəklini də çəkmişəm. Sonra vəkillə görüşdüm. O, dedi ki, burada heç bir cinayət yoxdur. Sadəcə sizi qorxutmaq istəyirlər. Bunlar ay yarımdır, mənə xəbərdarlıq edirlər ki, referendum sözünü işlətməyim, bilirsiniz ki, mən yazılarımda xalqa yazıram ki, seçkiyə gəlin, bu bir referendumdur. Məni o, ya bu biri partiyanı dəstəkləməkdə ittiham etmirlər, sadəcə deyirlər ki, sən xalqı oyadırsan, seçkiyə çağırırsan", – Xəlil Nuriyev dedi.

Nuriyev ailəsinə qarşı iş açılsa da, fəaliyyətini dayandırmayacağını və tənqidi postlar yazmağa davam edəcəyini bildirib.

Mülki fəal Samirə Bayramova Nuriyevə təzyiq faktının yeni olmadığını deyir.

“Mülki fəallara həm mənəvi, həm fiziki, həm də maddi təzyiqlər göstərilir. Təəssüf ki, bu ilk dəfə deyil. Cəmiyyətimizdə polis bir hüquq-mühafizə orqanı kimi qəbul edilmir, qorxu ilə əlaqələndirilir. Polis kənddəki kiminsə evinə gedirsə, hamı dərhal işinin pis olduğunu düşünür və digər insanların aktivləşməməsi və qorxu içində olması üçün narahat bir mühit yaratmağa çalışırlar", – Samirə Bayramova dedi.

“Salam” platformasının nümayəndəsi Benyamin Qasımoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı, mülki fəalın seçki öncəsi təzyiqlərə məruz qalmasının və cinayət işinin açılmasının ölkənin demokratik inkişafına mane olduğunu dedi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google