„İsgəndərovun xəsarət ala biləcəyini istisna etmirəm, özümü müdafiə etmək məqsədi ilə əllərimi işlədirdim”, – Laşa Kveladze
Vahid Milli Hərəkatın üzvü Laşa Kveladze bildirdi ki, ötən gün, 30 sentyabr tarixində, “Gürcü Arzusu”-nun Sadaxlıdan majoritar deputatlığa namizəd Rövşən İsgəndərov və daha 30 nəfər ona, “VMH”-ın bir neçə üzvünə hücum edərək onları təhqir ediblər.

“Mənim mövqeyim həqiqətdir və bunu mənim yanımda olanlar da təsdiq edə bilərlər. Rövşən İsgəndərov içkili vəziyyətdə idi, öz X6 markalı avtomobili ilə Dəmyə Görarxıya dalımızca gəldi və etiraz edirdi ki, niyə yazılar yazırdıq. “Mişa gəlir” yazısı yazırdıq. Yazdığımıza görə etiraz edirdi, mən ona izah etdim ki, əgər qanunu pozuruqsa, müvafiq orqanlara müraciət etsin. Ancaq o, bunu lazım hesab etmədi. Eləcə də dedi ki, mən Sadaxlıya ayaq basa bilməyəcəyəm”,
– Laşa Kveladze.

30 sentyabr tarixində, axşam, Laşa Kveladze hücum faktı ilə bağlı ərizə vermək üçün Marneuli Polis Şöbəsinə gedib. Ancaq polislər ona bildiriblər ki, ona qarşı iş qaldırılıb. Çünki İsgəndərov polisə Kveladzedən əvvəl müraciət edib.

“Rövşən ərizə verib ki, guya mən onu təhqir etmişəm. Mən onu təhqir edə bilməzdim. Çünki biz üç nəfər, onlar isə 30-a yaxın idilər. Mən onun xəsarət almasını istisna etmirəm, çünki hücum zamanı özümü müdafiə etmək məqsədi ilə əllərimi işlədirdim.”

“Milli Hərəkat”-dan fərqli olaraq “Gürcü Arzusu”-ndan bildirirlər ki, Laşa Kveladze Sadaxlının majoirtar deputatlığa namizədinə hücum edib və onu döyüb. Rövşən İsgəndərov xəstəxanadan bu gün, 1 oktyabr tarixində buraxılıb. “Geo Hospitals”-ın rəhbəri İoseb Mqaloblişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, İsgəndərov cərrahi müdaxilədən imtina edib və onun vəziyyəti qənaətbəxşdir.

Baş vermiş faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə istintaq aparılır.


Print ელ. ფოსტა
FaceBook Twitter Google