Marneuli bələdiyyəsi peyvənd marafonuna qoşulub. 20 oktyabr
tarixindən Tsereteli və Tamarisi ambulatoriyalarında koronavirusa
qarşı peyvənd vurulması mümkün oldu.
Peyvənd prosesinə yerli özünüidarə nümayəndələri də qoşulub.
Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze
peyvəndin ilk dozasını Tsereteli kənd ambulatoriyasında vurdurub.
O, bildirdi ki, bələdiyyənin başqa kəndlərində də peyvənd vurdurmaq
əlçatan olacaq.
“Bugünkü göstəricilərdən irəli gələrək, həyatımızı xilas etməyin
yeganə çıxış yolu peyvənddir. Ona görə, peyvənd və maska taxmaq
mütləqdir. Gürcüstan əhalisi çoxsaylı deyil, ona görə də hər kəsin
itirdiyi həyat ölkə üçün itkidir. Marafon çərçivəsində kəndlərə
səfər planlaşdırılır. Sadaxlı və Opretiyə səfər ediləcək. Həmin
kəndlərdə əhalinin peyvənd olunması üçün mərkəzə gətirilməsi çox
çətindir. Əgər lazım gələrsə, meriya peyvənd vurdurmaq istəyənlərin
məntəqəyə qədər gətirilməsi üçün nəqliyyat təşkil edə
bilər”, – Zaur Tabatadze bildirdi.
Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri Nino Dekanidze də
koronavirusu məğlub etməyin yeganə yolunu peyvənddə görür. O,
bildirdi ki, epidemioloji vəziyyətin yaxşılaşdırılması üçün peyvənd
prosesinin aktivləşdirilməsi mühümdür.
“Birmənalı şəkildə vacibdir və hər birimizin ödəməli
olduğumuz vətəndaşlıq borcu var. Yerli hakimiyyət maksimum dərəcədə
çalışır ki, kovid pandemiyası prosesini effektiv şəkildə idarə
etsin. Bələdiyyə miqyasında əhalinin maksimum dərəcədə peyvənd
olunması üçün biz də prosesə qoşulmuşuq və yerli hakimiyyət
tərəfindən bu gün daha bir peyvənd məntəqəsi əlavə
olundu”, – Nino Dekanoidze bildirdi.
Tsereteli uşaq bağçasının əməkdaşı Nino Berdzenidze koronavirusa
qarşı peyvəndin ikinci dozasını vurdurub. O, bildirdi ki, özünün və
uşaqların təhlükəsizliyi üçün belə qərar qəbul edib.
“Peyvənd mütləqdir. Hamımız peyvənd olunaq və
bir-birimizin, gələcəyimizin və sağlamlığımızın qayğısına
qalaq”, – Lia Berdzenadze bildirdi.
18 oktyabr tarixindən Gürcüstanın böyük kəndlərində, 3 mindən artıq
sakin yaşayan kəndlərdə “peyvənd marafonuna” başlanılıb. Bu proses
müxtəlif regionlarda 50-yə yaxın kəndi əhatə edir. Marafonun
məqsədi yenidən pisləşmiş epidemioloji vəziyyətdə peyvənd
göstəricisinin artırılmasıdır. Marneuli bələdiyyəsində peyvənd
vurulması son dövrdə 50% azalıb.