Əlavə 50 lari aztəminatlı uşaqların həyatını nə dərəcədə yaxşılaşdıracaq – 4 172 Marneulili 150 lariyə qədər artırılmış yardım alacaq
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bəyanatına görə, 1 iyun tarixindən aztəminatlı uşaqların yardımı 150 lariyə qədər artırılacaq. Bu gün, 18 aprel tarixində Baş nazir bildirib ki, 215 000-dən artıq uşaq artırılmış sosial yardım alacaq.

"Bir il əvvəl aztəminatlı uşaqların yardımı ikiqat artırıldı. Ona qədər 50 lari idi və 100 lari oldu. Bu gün qərar qəbul etdik ki, bu yardım 150 lari olsun. Yəni hər uşaq üçün bu yardım 150 lari təşkil edir",
– İrakli Qaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, aztəminatlı uşaqların yardımının artırılması üçün ümumilikdə, 341 milyon lari dəyərində büdcə olacaq. Büdcə gələn il də artırılacaq.
Sosial Xidmət Agentliyinin rəsmi məlumatına görə, Marneuli bələdiyyəsi miqyasında 16 yaşa çatmamış 4 172 uşaq yardım alır. Xatuna Qaçeçiladze Marneuli bələdiyyəsinin Saimerlo kəndində yaşayır. Onun iki azyaşlı uşağı yardım alır. Ümumilikdə ailə 400 lari sosial yardım alır. Xatunanın sözlərinə görə, bu uşaqlara kifayət etmir.

"Mənim üçün bir uşağa 50 lari yardım artırmaq kifayət deyil. Mən işləmirəm və bu 400 lari də uşaqlara yetmir. Təkcə kommunal xərclərə kifayət edir. Bu həqiqətən də mənə kifayət etmir, çünki həyat yoldaşım işləmir, əlildir və bu pul fiziki olaraq yetərli deyil. Bu 50 lari mənə kömək etməyəcək. Hər şeyin qiyməti artıb. Ərzaqlar ala bilmirəm, uşaqlara yemək də kifayət etmir, çünki pul azdır",
– Xatuna Qaçeçiladze bildirdi.

Xatunanın sözlərinə görə, onun 4 nəfərlik ailəsinə yaşamaq üçün ən az 600-700 lari lazımdır. Baş nazirin qərarına görə, uşaqların yardımının artırılmasından sonra Xatunanın ailəsi ayda maksimum 500 lari alacaq. Bu isə onun üçün yenə də yetərli deyil.
Print ელ. ფოსტა
FaceBook Twitter Google