Üç həftədir, Opreti, Çanaxçı və Ağkörpü kəndlərinə ictimai nəqliyyat işləmir
Marneulinin sərhədyanı kəndlərinə üç həftədir ki, bələdiyyə nəqliyyatı işləmir.

Opreti, Çanaxçı və Ağkörpü Marneulidən 60 km məsafədə yerləşir. Əhalinin şəhərə gəlmək və mövcud problemləri həll etmək üçün həftənin yalnız üç günü imkanı var idi. Ancaq ictimai nəqliyyatın sıradan çıxması onların reallığını dəyişib. İşləyən adamlar üçün vəziyyət daha da ağırdır. Anonimliklərinin qorunması zəmanəti ilə nəqliyyatdan asılı olan yerli sakinlərdən müsahibə aldıq. Çanaxçı və Opreti sakinləri bələdiyyədən alternativ yol fikirləşməyi tələb edirlər.

"Elementar bir şey lazım olanda belə heç nə edə bilmirəm. Tbilisiyə də gedə bilmirəm ki, geri qayıdam. Elə aylar olur, nəqliyyat olmur, kənddə qapalı qalırıq. Kiminləsə getməsəm, ictimai nəqliyyatdan istifadə edə bilmirəm. Bazar ertəsi, çərşənbə və bazar günü işləyirdilər. İki həftədən artıqdır, işləmir. Cavab da vermirlər ki, nə zaman olacaq, yaxud olmayacaq",
– Çanaxçı sakini deyir.

"İki həftə əvvəl yolda xarab oldu və kəndə güclə gedib çıxdım. Ondan sonra dedilər ki, xarab olub. Sürücüyə zəng vururduq, deyirdi ki, hissələr tapılmır, sonra iki günə olacaq, sonra üç günə olacaq. İki günə olacağını biləndə dözürük, ancaq iki həftə, hətta daha çox vaxt keçdi. Bu dövr ərzində iş üçün taksi tutdum. İndiyə kimi alternativ nə isə olmalı idi. Opretidə mağaza da yoxdur, xalq isə yaşamaq istəyir. Körpə uşaqları var, çörək lazımdır. Bir-birimizə nələrisə tapşırırdıq. Ümid edirəm, ya avtobus təmir olunar, ya da başqa bir şey düşünərlər. Çünki bir maaşımızı artıq yola xərcləmişik",
– Opreti sakini deyir.

Marneuli meriyasının balansında olan “Avtopark”ın rəhbəri Qiqa Calağonianın nə alternativ yolu, nə də ümidverici cavabı yoxdur. O, "Marneuli" radiosuna bildirdi ki, Opreti, Çanaxçı və Ağkörpünün çətin relyefi var. Buna görə də nəqliyyatı ora göndərmirlər. Qeyd olunan xətdə işləyən yeganə marşrutun təmiri üçün isə ehtiyat hissələr tapılmır.

"Oraya ancaq ikikörpülü avtobus gedir. Başqa avtobus işləyə bilməz. Başqa ikikörpülü avtobusumuz yoxdur, bunun da mühərriki sıradan çıxıb. Hissələr tapılmır. Köhnə hissələri təmir etsək də, yaramadı. Bu mühərrik artıq üçüncü dəfədir, sıradan çıxıb. Mümkün olmayanı tələb edirlər. Mənə deyir, onda sən bizi apar, deməli belə çıxır. Alternativ yoxdur, nə qədər vaxta təmir olunacağını da deyə bilmirik. İndi Azərbaycan və Ermənistanda hissələri axtarıram. Tapsaq, alacağıq".

Calağonianın sözlərinə görə, bu barədə Marneuli meriyasının da məlumatı var.
Print ელ. ფოსტა
FaceBook Twitter Google