Əczaxanaya getmək və çörək almaq üçün 60 lari – meriyanın sıradan çıxmış avtobusu Opreti sakinlərinə baha başa gəlir
Opreti sakini Maia Çaçava ictimai nəqliyyat olmadığına görə üçüncü həftədir, günəbaxan yağı, şəkər, un, çörək və gigiyenik vasitələr ala bilmir.
Kəndin yeganə avtobusu sıradan çıxıb və yerli sakinlər evdən çıxa bilmir.



Sərhədyanı kənd Marneuli şəhərindən 55 kilometr məsafədə yerləşir.


Orada yaşayan 50-yə yaxın sakin üçün həftənin üç günü Marneuliyə gəlmək imkanı var idi. Çərşənbə axşamı, çərşənbə və bazar günü avtobus dolurdu, əhali Sadaxlının mərkəzində və ya Marneulidə qida məhsulları alırdı, həkimə gedirdi, banka gedir və ya başqa işlərinin arxasınca qaçırdı ki, həmin marşrutla geri qayıda bilsin. İndi isə şəhərə getmək üçün yeganə vasitə özəl nəqliyyat və ya taksidir.

“Nə edim, ərzaq almalıyam, taksi pulumuz yoxdur. Təqaüd və sosial yardımdan asılıyam. Taksiyə 60 lari lazımdır. Fiziki imkanları məhdud olan uşağım var, bez yoxdur, getmək üçün imkanım da yoxdur. Yeganə çıxış yolu odur ki, yoldaşım səhər saat 6-da piyada getsin, əgər bəxti gətirsə, yolda kimsə rast olacaq. Burada heç nə yoxdur, nə mağaza, nə xəstəxana, elementar əczaxana da yoxdur. İndi axırıncı unu yoğurmuşam ki, çörək bişirim”.




Kəndin digər sakinləri də Maianın vəziyyətinə düşüblər. Əhali deyir ki, nəqliyyatın olmaması problemləri daha da ağırlaşdırıb. Bəzən kəndə ərzaq maşını gəlir. Hər şeyin qiyməti ikiqat artıq olur və əksər hallarda ala bilmirlər.

“Hər şeydən məhrumuq. Yeganə nəqliyyat idi ki, şəhərlə bizi əlaqələndirirdi və ərzaq almaq üçün gedirdik. Elementar olaraq, əhaliyə çörək lazımdır. Qocalar var, tək yaşayırlar. Nəqliyyat baxımından çox çətinlik çəkirik. Yolu heç demirəm, təmir edirlər. Nəqliyyat onsuz da bir dənə idi, kim çatdırsa, o, minirdi. Marneulidən saat 3-də çıxırdı, hər şeyi çatdırmalı idik. Kənddə əhalinin məskunlaşmasını istəyirlərsə, elementar şərait yaratmalıdırlar”,
– Opreti sakini Maia Mikiaşvili bildirdi.




Opreti kimi, qonşu kəndlərə – Çanaxçı və Ağkörpüyə də nəqliyyat işləmir. Marneuli meriyasının balansında olan nəqliyyat şirkətinin rəhbəri Qiqa Calağonianın əhaliyə nə alternativ yolu, nə də ümidverici cavabı var. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Opreti, Çanaxçı və Ağkörpü kəndlərinin relyefi çətindir. Buna görə də hər nəqliyyatı oraya göndərə bilmirlər. Qeyd olunan marşrut xəttində hərəkət edən yeganə avtobusun təmirini isə hissələrin tapılmamasına görə, edə bilmirlər.

Problemlərdən əlavə, əhali deyir ki, xəstələnməkdən qorxurlar. Bunun səbəbi çoxdur. Yol o dərəcədə sıradan çıxıb ki, təcili yardım çağırılanda kəndə çox gec gəlib çıxırlar, əksər hallarda isə gəlmirlər. Opretinin ambulatoriyası var, ailə həkimləri də var, ancaq əhalinin dediyinə görə, uzun zamandır heç kim orada həkim görməyib və ambulatoriyanın qapısı da nadir hallarda açılır.



Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები
დაიცავი დისტანცია