Meriya Mədəniyyət Evinin büdcəsini 65 000 lari artırıb
Marneuli meriyası Mədəniyyət Evinin büdcəsini 65 000 lari artırıb. Qərar Bələdiyyə Məclisinin 13 may tarixində baş tutan iclasında qəbul olunub.

Məsələni müzakirəyə meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov çıxarıb. O, qeyd edib ki, Mədəniyyət Mərkəzi vəsaitin bir qismini rəqs ansamblının qastrolları üçün nəzərdə tutacaq.

“Mədəniyyət Evinə 65 000 lari subsidiya artırırıq. Bildiyiniz kimi, Çexiya Respublikasında tədbirlər keçirilir və Marneuli bələdiyyəsinin Mədəniyyət Evinin ansamblı iştirak etməlidir. Buradan irəli gələrək, bu səfərləri maliyyələşdirməliyik. Bələdiyyə vəsaitin nəzərdə tutulmasını məqsədyönlü hesab edir”.


Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, vəsaitin əsas hissəsi “İberia” ansamblının Çexiyada keçiriləcək müsabiqəyə yola salınmasına, bir qismi isə Mədəniyyət Mərkəzinin planlaşdırdığı fəaliyyətə, lazımi ehtiyaclara xərclənəcək.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “İberia” xoreoqrafik ansamblı Çexiyada beynəlxalq folklor, rəqs və musiqi müsabiqəsinə – festivala dəvət olunub. Tədbirin avqust ayında keçirilməsi planlaşdırılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google