Fiziki İmkanları Məhdud Şəxslər Şurasına yeni sədr seçilib – üzvlər onu yaxın gələcəkdə tanıyacaqlar
Marneuli bələdiyyəsinin Fiziki İmkanları Məhdud Şəxslər Şurasına yeni sədr seçilib.

Şuraya Roin Dekanoidzenin əvəzinə merin müavinlərindən biri – Temur Şubitidze rəhbərlik edəcək. Təxminən beş aydır ki, şura toplaşmayıb və onlar üçün mühüm olan məsələləri müzakirə etməyib. Amma onlar problemləri minimum hər üç ayda bir dəfə müzakirə etməli idilər. Temur Şubitidze “Marneuli” radiosu ilə müsahibəsində bildirdi ki, yaxın gələcəkdə üzvlərlə tanış olmağı planlaşdırır. O, iclasın 24 iyun tarixinə təyin olunacağını istisna etmir.

“Bu günlərdə görüş planlaşdırırıq. Ola bilsin, bu həftə keçirilsin. Şurada olanların hamısı toplaşa bilmir, bəzisinin sağlamlıq, bəzisinin başqa problemi var. Ola bilsin, sabah da keçirilə bilər. Bilirik ki, çox gecikib və istəyirik təcili surətdə keçirək. Onlarla ilk dəfə görüşəcəyəm və hələ hansısa planım yoxdur. Çünki onları nəyin narahat etdiyini soruşmamışam. Bizim üçün əsas olan onların baxışlarıdır və görüşəndə birlikdə qərar verəcəyik”,
– Temur Şubitidze bildirdi.

Fiziki İmkanları Məhdud Şəxslər Şurası ümumilikdə 9 üzvdən ibarətdir. Şurada Marneuli meriyası və Bələdiyyə Məclisinin nümayəndələri, fiziki imkanları məhdud şəxslər, fiziki imkanları məhdud uşaqların valideynləri və QHT nümayəndələri birləşib.

2022-ci ildən fiziki imkanları məhdud şəxslər üçün on ədəd səsli təzyiq ölçən aparatının alınması, bələdiyyə nəqliyyatı ilə pulsuz gediş və yardımların 30 lari artırılması planlaşdırılır.

İndiki mərhələdə isə yalnız bir tələb – yardımın 30 lari artırılması həyata keçirilib. Fiziki imkanları ciddi şəkildə məhdud olan şəxslər 130 lari, fiziki imkanları əhəmiyyətli şəkildə məhdud olan şəxslər 100 lari alırlar.

Fiziki İmkanları Məhdud Şəxslər Şurasının yeni sədrinin başlanmış təşəbbüsü davam etdirəcəyi və bələdiyyədəki fiziki imkanları məhdud şəxslər üçün yeni şərait yaradacağı hələ ki məlum deyil.
Print ელ. ფოსტა
FaceBook Twitter Google