Hakimiyyət nümayəndələri zərərçəkənləri mehmanxanada ziyarət ediblər

 

Marneuli şəhərində baş vermiş faciədən sonra yaşayış binasının sakinlərinin bir qismi mehmanxanaya yerləşdirilib.


Dörd ailə hazırda “Qafqaz” mehmanxanasında qalır. Kvemo Kartli qubernatoru Qiorqi Doxtirişvili, Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş majoritar deputatı Zaur Darğallı, Marneuli meri Kənan Ömərov və digər yerli özünüidarə nümayəndələri zərərçəkənləri ziyarət ediblər.

Dövlət məmurları “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki, müvəqqəti yaşayış yeri üçün xərcləri Marneuli meriyası ödəyəcək.


 

26 iyun tarixində binanın uçması nəticəsində iki adam həyatını itirib. Onlardan biri hamilə qadındır. Həkimlər onun körpəsini xilas edə biliblər. Üç adam xəsarət alıb. Onlar tibb müəssisələrində müalicə alırlar.

Sakinlərdən bir qismi bildirir ki, binanın qəzalı vəziyyətdə olması ilə bağlı meriyaya dəfələrlə müraciət ediblər. Ancaq onların müraciətinə reaksiya göstərən olmayıb. Hakimiyyətdən isə bunu təkzib edirlər. Parlamentin Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatı Zaur Darğallı bildirir ki, onun mer olduğu dövrdə özünüidarəyə qeyd olunan təhlükə ilə bağlı məktub verilməyib, nə də şifahi müraciət edən olmayıb.

“Həmin bina ilə bağlı olan yeganə fakt var idi. Biz həmin binada dam örtüyünü dəyişməyi planlaşdırırdıq. Tender elan etdik, tender baş tutdu. Ancaq binanın sakinləri su çənlərini sökməkdən imtina etdilər. Buna görə dam örtüyünü dəyişmədik. Yalnız bu faktı qeyd edə bilərəm”, –
Zaur Darğallı bildirdi.

Marneuli meriyası bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Marneuli şəhərində baş vermiş bədbəxt hadisə ilə müxtəlif siyasi qruplar manipulyasiya həyata keçirir.

“Qeyd olunan qruplar tərəfindən çox sayda yanlış məlumat yayımlanır. Həmçinin, bina sakinləri tərəfindən eyvanların qəzalı vəziyyətdə olması ilə bağlı meriyaya rəsmi müraciət olunması ilə əlaqədar məlumatlar da yayılıb. Xatırladaq ki, bu məsələ ilə bağlı vətəndaşların meriyaya rəsmi müraciəti qeydə alınmmayıb. Marneuli bələdiyyə rəhbərliyi olaraq xahiş edirik, yaranmış ağır vəziyyəti nəzərə alasınız, ölənlərin ailə üzvlərinə hörmətlə yanaşaq və istintaqın nəticələrini gözləyək”, – meriyanın yayımladığı bəyanatda qeyd olunub.

Eyvanların uçmasına nə səbəb olub və məsələyə görə kimsə məsuliyyətə cəlb olunacaq, ya yox – bunu ekspertiza müəyyən edəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google