27 iyun tarixində, Marneuli Fiziki İmkanları Məhdud Şəxslər
Şurasının yeni sədri şura üzvləri ilə ilk görüşünü keçirib.
Temur Şubitidze Marneuli merinin müavini, eyni zamanda Fiziki
İmkanları Məhdud Şəxslər Şurasının sədridir. “Marneuli” radiosunun
iclasa getmiş jurnalistinə görüşün mətbuat üçün qapalı olduğunu
bildiriblər. Səbəb olaraq isə ilk işgüzar görüşün keçirilməsini və
şəxsi məlumatların açıqlanmasından çəkindiklərini qeyd ediblər.
Temur Şubitidze bildirdi ki, şura üzvləri ilə ümumilikdə yeddi
məsələni müzakirə ediblər.
“Fiziki imkanları məhdud şəxslər yeddi müxtəlif məsələ
ilə bağlı müraciət etmişdilər. Bir neçəsi ilə bağlı müsbət qərar
verildi. Bir neçə məsələnin isə əlavə araşdırmaya ehtiyacı var,
onlarla bağlı gələcəkdə qərar verəcəyik. İndi daha çox arabalar və
eşitmə aparatları ilə bağlı müraciətlər var idi. Burada konkret
adamların ərizələri var. Bəzisinin eşitmə aparatının batareyası
dəyişdirilməlidir, bəzisi sıradan çıxıb, təmir edilməlidir.
Müxtəlif problemlər var. Ərizədə vətəndaşın adı və soyadı, şəxsi
məlumatı qeyd olunub. Onların şəxsi məlumatları yazılıb. Mən həmin
vətəndaşların tələbini ictimailəşdirə bilmərəm. Çalışacağıq,
növbəti iclasları elə keçirək ki, vətəndaşların hüquqları
pozulmasın”.
Fiziki İmkanları Məhdud Şəxslər Şurasının üzvlərindən biri də
Marneulili Surik Çiçyandır. O, “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, görüşdə hələ ötən ildən həll edilməmiş
məsələlər müzakirə olunub.
“Ümid edirəm ki, ötən ilin yeni il ərəfəsində əhaliyə
vəd verdiyimiz məsələlər mütləq həyata keçiriləcək.
Buna ümid edirəm və mütləq yaxın gələcəkdə yerinə yetiriləcək.
Məsələ aparatlarla, bələdiyyə nəqliyyatında pulsuz gediş haqqı ilə
bağlı idi. Qərar verdik ki, indiki mərhələdə bizdə olan sənədlərlə
hərəkət edək və sonra artıq xüsusi sənədlər çap olunacaq, bələdiyyə
nəqliyyatından istifadə edən bütün fiziki imkanları məhdud şəxslərə
veriləcək”.
Qeyd edək ki, təxminən beş aydır, şura toplaşmayıb və onlar üçün
mühüm olan məsələlər müzakirə edilməyib. Ancaq onların problemləri,
ən az üç ayda bir dəfə müzakirə edilməli idi.
2022-ci ildən fiziki imkanları məhdud şəxslər üçün on ədəd səsli
təzyiq aparatının alınması, bələdiyyə nəqliyyatı ilə pulsuz gediş
haqqı, yardımların 30 lari artırılması planlaşdırılmışdı.
İndiki mərhələdə isə yalnız bir tələb, yardımların 30 lari
artırılması həyata keçirilir. Fiziki imkanları ciddi dərəcədə
məhdud olan şəxslər 130 lari, fiziki imkanları əhəmiyyətli dərəcədə
məhdud olan şəxslər isə 100 lari yardım alırlar.
Fiziki İmkanları Məhdud Şəxslər Şurası ümumilikdə 9 üzvdən
ibarətdir. Şura Marneuli meriyasının və Bələdiyyə Məclisinin
nümayəndələri, fiziki imkanları məhdud şəxslər, fiziki imkanları
məhdud uşaqların valideynləri və QHT nümayəndələrindən təşkil
olunub.