Gürcü, azərbaycanlı və erməni şagirdlər Uşaqların Müdafiəsi Gününü birlikdə qeyd ediblər
Bu gün, 1 iyun tarixində Xuldərə İcma Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.

Gürcü, azərbaycanlı və erməni şagirdlər bir yerə toplaşaraq tədbir keçiriblər. Tədbiri “Yeni Düşüncə İnstitutu” “Müsbət təcrübə yaradılması və təşviqat yolu ilə Gürcüstanın təhsil sistemində qeyri-dominant etnik qruplar qarşısında duran bərabərsizliyin azaldılması” layihəsi çərçivəsində həyata keçirib. Təşkilatın təsisçilərindən Ariz Daşdəmirov “Marneuli” radiosu ilə söhbəti zamanı bugünkü günün əhəmiyyətindən söz açdı.

“Biz bu gün Xuldərə kənd İcma Mərkəzinə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etməyə gəlmişik. “Yeni Düşüncə İnstitutu” olaraq yanvar ayında Sosial Ədalət Mərkəzi ilə tərəfdaşlıqla və “Açıq Cəmiyyət” Fondunun maliyyə dəstəyi ilə yeni layihəyə başladıq. Layihənin məqsədi Kvemo Kartlidə təhsil sahəsində mövcud olan problemlərin təşviqatıdır. Buna görə də biz pilot olaraq bir məktəbəqədər təhsil qrupu yaratdıq. Bu qrupa artıq aylardır, gürcü dili və müxtəlif bacarıqları öyrədirik, mütəxəssis müəllimimiz var, o, uşaqlarla işləyir. Bu gün biz bu xüsusi günü qeyd etmək üçün Tbilisi 162 saylı ictimai məktəbin şagirdlərini, müəllimlərini və rəhbərliyini dəvət etdik. Eləcə də erməni şagirdlərin təhsil aldığı Güllübağ ictimai məktəbindən şagirdlər, müəllimlər və rəhbərliyi çağırdıq. Biz bununla göstərmək istəyirdik ki, erməni, azərbaycanlı və gürcülər birlikdə güclüyük”, - Yeni Düşüncə İnstitutunun həmtəsisçisi bildirir.

Tədbirdə Marneuli bələdiyyəsinin Xuldərə, Güllübağ və Tbilisi 162 saylı ictimai məktəblərinin şagirdləri iştirak edirdilər. 162 saylı məktəbin direktoru Sopio Pantsulaia bizimlə söhbəti zamanı bildirdi ki, Marneulidə qonaq olmaq onlar üçün mühümdür. Şagirdlər bir-biri ilə öz mədəniyyətlərini bölüşə və inteqrasiyanın əhəmiyyətini daha yaxşı başa düşə bilirlər.

“Bizim məktəb üçün belə tədbirlərin böyük əhəmiyyəti var. Uşaqlar daha tolerant, dözümlü olmalıdırlar, etnik azlıq nümayəndələrini qəbul etməlidirlər. Bu bizim mədəniyyətin bir parçasıdır, biz çoxmillətli ölkəyik və yaxşı olar ki, onlar da bizə inteqrasiya olsunlar, öz mədəniyyətlərini bölüşsünlər, bizim uşaqlar da öz mədəniyyətimizi onlarla bölüşsün, bu halda daha çox əlaqələri olacaq. Çox sevinirəm ki, gürcü dilini yaxşı bilən, dövlət və ya özəl xidmətlərdə işləyən nəsil yetişir, fərq etməz, azərbaycanlı və ya erməni olsun. Əsas dəstək odur ki, gürcü dilini öyrənsinlər və inteqrasiya olsunlar. Bu onlar üçün də yaxşıdır, çünki bir-birini yaxşı başa düşürlər və yaxınlaşırlar. Bizim birliyimiz və bunların hamısı bir dildə danışmağımızdan irəli gəlir”, – 162 saylı ictimai məktəbin direktoru Sopio Puntsulaia bildirir.

162 saylı məktəbin şagirdi Nika Kardavanın sözlərinə görə, bugünkü gün onlar üçün yaddaqalan olub və o, ümid edir ki, gələcəkdə də belə imkanlar olacaq.

“İlk növbədə hamını Uşaqların Müdafiəsi Günü münasibəti ilə təbrik edirəm. Bu səfər bizim üçün çox mühümdür. Çünki bir-birimizi tanıyırıq. Ümid edirəm, bugünkü münasibətimiz uzun zaman davam edəcək”.

Xuldərə İcma Mərkəzində şagirdlər müxtəlif musiqi nömrələri təqdim ediblər.
Print ელ. ფოსტა
FaceBook Twitter Google