Marneuli bələdiyyəsindən olan abituriyentlər bu il Milli
İmtahanlardan əldə etdikləri nəticələri və öz təəssüratlarını
“Marneuli” radiosu ilə bölüşürlər.
17 yaşlı Osman Məmmədov imtahan nəticəsinə baxdığı dəqiqələrdə
yaşadığı hisslərdən söhbət açır.
Marneuli rayonunun Lejbəddin kəndində yaşayan və həmin kəndin
məktəbini bitirən Osman Məmmədovun sözlərinə görə, onun imtahana
hazırlaşmağı bir az çətin olub.
“Yatırdım, zəng gəldi ki, cavablar çıxıb. Əllərim
titrəyərək baxmışam cavabıma. Sevincimin həddi-hüdudu yox idi, bu
nəticəni görəndə çox sevinmişdim. Çox fərqli bir hiss yaşamışdım
çünki, əziyyətimin yerdə qalmadığını hiss etmişdim. Cavabımı
öyrənəndə ilk öncə ailəmlə bölüşdüm, onlar bunu məndən daha
səbirsizliklə gözləyirdilər və nəticəmi eşidəndə məndən daha çox
sevindilər. Hazırlığım bir az çətin oldu. Məni imtahana öz
kəndimizin riyaziyyat müəllimi Almaz Osmanova hazırlaşdırdı.
Müəllimim sağ olsun, mənim üçün çox əziyyət çəkmişdi və mənə
inanırdı. İmtahan mənim üçün çox çətin olmadı, bir az stressli
girmişdim, çətin olar, bacara bilmərəm deyə qorxurdum, imtahan
başladıqda asan olduğunun fərqinə vardım. Xəyallarımı gözümün önünə
gətirib özümü motivasiya etmişdim, elə buradan başladım. Çox razı
idim, yaxşı olacağını bilirdim”.
Osman imtahandan 70 bal toplayıb. O, həmin balı toplaya biləcəyini,
çox çalışdığını və müəlliminə söz verdiyini deyir.
“Gələcək planım Gürcüstan Texniki Universitetində
İnformasiya Texnologiyaları və ya Tbilisi Dövlət Universitetində
Riyaziyyat üzrə təhsil almaqdır. Bu iki peşə mənim uşaqlıq
xəyalımdır və xəyallarıma daha da yaxınlaşdığım üçün çox
sevincliyəm. Mənim hazırlığım digərlərindən çətin oldu, çünki, bu
il 11-ci sinif olaraq başlamışam məktəbə, ancaq mart ayında
eksternat imtahanı ilə 12ci sinfə keçmişəm, buna görə də
digərlərindən daha çox çalışmalı oldum. Ancaq şükürlər olsun ki,
əziyyətim yerdə qalmadı və mən bunu bacardım”, -
Osman Məmmədov dedi.
Marneulinin Təzəkənd kəndində yaşayan 17 yaşlı Nicat Qarayev 72 bal
toplayaraq yüksək nəticə əldə edən abituriyentlər sırasına
düşüb.
“Əmrah Aslanov adına Təzəkənd 1 Nömrəli ictimai
məktəbini bitirmişəm. Gözlədiyim nəticə idi. Sevincimi ilk olaraq
əlbəttə, bu nəticəni əldə etməyimdə ən çox əziyyəti keçən Abbas
Abbasov və Elvir Həsənoğlu ilə, sonra yaxınlarımla bölüşdüm.
İmtahana hazırlıq gözlədiyim qədər çətin olmadı. Başlanğıcda çətin
olacağını düşünürdüm, amma istədikdən sonra çətin heç nə yoxdur.
Məni imtahana hazırlayan müəllimlərə sonsuz təşəkkür edirəm. İlia
Dövlət Universitetində proqramçılıq oxumağı düşünürəm, amma hələ
seçimimi tam etməmişəm. Abituriyentlər qarşılarına bir məqsəd
qoysunlar və o məqsədə sadiq qaldıqca hər şey öz qaydasında olacaq,
yetər ki, istəsinlər”, – Nicat Qarayev qeyd etdi.
Kürtlər kənd sakini 17 yaşlı Sevanə İsgəndərova ümumi qabiliyyət
imtahanından 56 bal toplayıb. O, imtahana hazırlaşmağa 11-ci
sinifdə oxuyarkən başlayıb.
“Sevincimi öncə ailə üzvlərimlə bölüşdüm. 11-ci sinifdə
məni imtahana Riyaziyyat müəllimim Səfa Əfəndiyeva hazırladı. 12-ci
sinifdə oxuyarkən isə riyazi hissədə Elvir Həsənoğlu, verbal
hissədə isə Abbas Abbasov və Güləbətin Xəlilova məni imtahana
hazırladı. İmtahana hazırlıq mənim üçün o qədər də çətin olmadı,
çünki bu prosesdə ailəmin və müəllimlərimin dəstəyi daima mənimlə
idi. İmtahan mənim üçün çətin olmadı, sadəcə çox həyəcanlı olduğum
üçün istədiyim nəticəni əldə edə bilmədim. Gələcəkdə Riyaziyyat
sahəsi üzrə təhsil almaq istəyirəm”, – Sevanə
İsgəndərova bildirdi.
Osman, Nicat və Sevanə kimi, Aqil də “1+4” proqramı vasitəsilə
imatahana hazırlaşan abituriyentlərdəndir. Onun gələcək planı
Tbilisi Dövlət Universitetində təhsil almaqdır.
“Mən Aqil Şərəfov, Marneuli rayonunun Kürtlər kəndində
yaşayıram. Uğur hədəfi seçməklə başlayır. Ən böyük hədəflərimdən
biri Tbilisi Dövlət Universitetinə qəbul olmaq idi. Hədəfimə nail
olmaq üçün durmadan çalışdım və məqsədimə çatdım. 46 bal toplayaraq
ümumi qabiliyyət imtahanını uğurla başa vurdum. Təhsilimi davam
etdirmək və öz karyeramı qurmaq da hədəflərim arasındadır. Bu uğuru
əldə etməyimə dəstək olan bütün müəllimlərimə dərin təşəkkürmü
bildirirəm”, – Aqil Şərəfov deyir.
Aqil gələcəkdə imtahan verəcək olan abituriyentlərə uğurlar
arzulayır və məsləhət görür ki, qarşınıza qoyduğunuz məqsədə çatmaq
üçün çalışmalı, mübarizə aparmalı və içinizdən gələn səsə qulaq
asmalısınız.