Milli Qiymətləndirmə və İmtahan Mərkəzi “1+4” proqramı ilə
imtahan verən abituriyentlərin imtahan nəticələrini dərc edib.
Marneuli rayonunun Təzəkənd ictimai məktəbinin məzunu Murad Budaqov
imtahanda 74 bal toplayıb. Muradın sözlərinə görə, yekunda əməyinin
bəhrəsini görmək onun üçün ən böyük mükafat olub.
“1 il idi ki, mən bu imtahana hazırlaşırdım və bunun
üçün çox çalışırdım. Mənim sevincimin əsl səbəbi yüksək nəticə əldə
etmək deyil, məni sevən və üzərimdə əməyi olan insanları yaxşı
nəticə ilə sevindirməkdir. Ailəmin və müəllimlərimin alnını açıq,
başını dik görmək və yaxınlarımı sevindirmək mənim üçün əvəzolunmaz
hədiyyədir. Uğurumu başda ibtidai sinifdən məktəbi bitirənədək mənə
dəstək olan müəllimlərimin əməyində görürəm. Onlar mənim üçün çox
əziyyət çəkiblər. Onların haqqını ödəmək bəlkə mümkün deyil, amma
ən azından bu nəticə onları sevindirdi. Eyni zamanda, 1 ildir ki,
mənə istiqamət verən və hər cür dəstəyini və yardımını əsirgəməyən
hazırlıq müəllimlərim— Elvir Həsənoğlu, Abbas Abbasov və Rahidə
Yusubovaya çox şey borcluyam. Bu mənim yox, bizim, hamımızın uğurlu
nəticəsidir”.
Murad düşünür ki, imtahanlar bitdi və hər şey indi başlayır.
Qarşıda qət etməli olduğu uzun yol və bir çox planları var. O,
Tbilisi Dövlət Universitetində riyaziyyat üzrə təhsil almaq
istəyir.
“İnsan uğur əldə etmək üçün nə istədiyini bilməli və
qarşısına məqsədlər qoymalıdır. Bu məqsədə gedən yolda isə
mərhələli şəkildə addımlamaq lazımdır. Mənim məqsədim imtahandan
yaxşı nəticə əldə edib ali məktəbə qəbul olmaq idi. İndi bu
məqsədimə çatmışam. Artıq növbəti mərhələyə keçmək lazımdır. İndi
isə sırada ali məktəb var. Daha sonra isə yenə növbəti hədəfləri
yerinə yetirmək lazımdır. Hələlik növbəti məqsədim ali məktəbi
uğurlu şəkildə başa vurmaqdır”.
Budaqov gələcək abituriyentlərə məsləhət görür ki, özlərinə konkret
bir məqsəd qoysunlar və bunun üçün çox çalışsınlar. O, bildirir ki,
təhsil insan həyatında önəmli sahədir və bu sadəcə qazanc əldə
etmək üçün deyil, insanın öz dünyagörüşünü və sosial bacarıqlarını
yüksəltmək üçün önəm daşıyır.
“Bu işə sadəcə gələcəkdə pul qazanmaq olaraq
yanaşmasınlar. Bundan əlavə, fikrimcə, oxumağa məktəbdən başlamaq
lazımdır. Bir çox abituriyentlər sadəcə imtahan ili hazırlaşırlar
və yalnız imtahanda riyazi və verbal hissə olduğu üçün onlara önəm
verirlər və digər fənlərə laqeyd yanaşırlar. Halbuki, xüsusilə
verbal hissədə məhz digər fənlər – Azərbaycan dili, tarix,
biologiya, coğrafiya kimi elmlərdən bilik səviyyəsi yaxşı
olmalıdır. Buna görə də hərtərəfli hazırlaşmaq daha
məqsədəuyğundur. Onu da deyim ki, imkansız deyə bir şey yoxdur.
İnsan həqiqətən istəsə və bu uğurda dayanmadan çalışsa, əldə edə
bilməyəcəyi heç nə yoxdur. Oxumağı sevsinlər və çox çalışsınlar.
Verə biləcəyim məsləhətlər bunlardır. Hamıya uğurlar arzulayıram və
bu il tələbə adı qazanan bütün abituriyentləri təbrik
edirəm”, – Murad Budaqov dedi.
Bu il imtahandan 69 bal toplayan və yüksək nəticə əldə edənlər
sırasında yer alan Marneuli rayonunun Xuldərə kəndindən olan Alidə
Əfəndiyeva da var. O, hər zaman yüksək nəticə əldə etməyi qarşısına
məqsəd qoyduğunu söyləyir.
“Aldığım nəticə məni təəccübləndirmədi hər zaman yüksək
nəticə əldə etməyi qarşıma hədəf qoymuşdum. Gözlədiyim kimi də
olması məni çox sevindirdi. Fikrimcə, istədiyiniz nəticəni əldə
etmək üçün özünüzə xüsusi dərs proqramı hazırlamalı və buna görə
hazırlaşmalısınız. Müəllimin verdiyi tapşırıqlarla kifayətlənmir,
daha çox test üzərində işləyirdim. Son aylarda çoxlu sınaqlar
işlədim və indiyədək keçdiyim bütün mövzuları bir daha təkrar
etdim”.
Alidə fikirləşir ki, abituriyentlər riyaziyyatda əzbərçilik
etməməli, hər zaman məsələni həll etməyin yollarını axtarmalı,
bunun üçün müxtəlif testlər üzərində təcrübə əldə etməlidirlər. O,
gələcəkdə Tbilisi Dövlət Tibb Universitetində həkimlik peşəsini
uğurla başa vurmaq istəyir.
“Məzun olduqdan sonra isə özümü bu yolda daha da
inkişaf etdirib bu peşənin “ən yaxşılarından” olmaq üçün əlimdən
gələni edəcəyəm. Məncə, insanın özündən çox şey asılıdır. Hər zaman
bir hədəfiniz olsun və onun arxasınca gedin, özünüzə güvənin. Əgər,
bir şeyi həqiqətən istəyirsinizsə, sizə maneə olacaq heç nə yoxdur,
hər birinizə uğurlar!”, – Alidə Əfəndiyeva qeyd
etdi.
Bu il “1+4” proqramı ilə imtahan verən və 68 bal toplayan Xuldərə
kənd sakini Sona Orucova da yüksək bal toplayanlar arasında yer
alır. O, İlia Dövlət Universitetində Hüquq və Kriminologiya üzrə
təhsil almaq istəyir.
“68 bal toplamağım mənim üçün çox sevindiricidir. Mən
özümdən yüksək nəticə gözləyirdim. Bu gözləntimin və nəticə olaraq,
uğurumun səbəbi isə nizam-intizamlı çalışmağım və özümə olan
inamımdır. Təhsilimi İlia Dövlət Universitetində Hüquq və
Kriminologiya üzrə davam etdirməyi planlaşdırıram. Peşə olaraq isə
Kriminoloq seçmişəm, lakin hələ də bu qərar üzərində düşünmək üçün
vaxtım var. Bütün abituriyentlərə tövsiyəm budur ki, yalnız
tapşırıqlarla kifayətlənməsinlər, sıx və nizam-intizamlı
çalışsınlar və hər zaman özlərinə inansınlar. Bizlər nə qədər çox
çalışsaq, bir o qədər özümüzə inanırıq və insan özünə inandığı
təqdirdə hər şeyi bacara bilər”, – Sona Orucova
bildirdi.
Murad, Alidə və Sona kimi, Marneuli rayonunun Mollaoğlu kəndində
yaşayan Elçin də bu il Milli İmtahanlarda iştirak edib və yüksək
bal toplayıb. 17 yaşlı Elçinin sözlərinə görə, uşaqlıq
xəyallarından birini həyata keçirmək və həyatda yeni başlanğıca
qədəm qoymaq onun üçün qürurverici hissdir.
“67 bal topladım. Buna səbəb olaraq ən çox düzgün
metodlarla çalışmağı, mümkün qədər çox vaxt ayırmağı və ən əsası da
istəyərək motivasiyalı bir şəkildə çalışmağı görürəm. Gələcəkdə
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində təhsil almaq
istəyirəm. İlk öncə universiteti bitirib seçəcəyim ixtisasın
magistratura və doktorantura pillələrini bitirməyi düşünürəm. Hansı
ixtisası seçsəm də, arzum onu layiqli şəkildə icra etməkdir.
Gənclərə inanaraq, istəyərək, həvəsli və motivasiyalı şəkildə
çalışmalarını tövsiyə edirəm”, – Elçin İsmayılov
deyir.
Qeyd edək ki, bu il ümumi qabiliyyət imtahanı 11 iyul tarixində
keçirilib və nəticələr 6 avqust tarixində dərc olunub.