Təxminən 23 milyon qız uşağının
ana bətnindəki həyatına sadəcə ona görə son verilib ki, valideynlər
dünyaya gələcək övladlarının oğlan olmasını istəyiblər.
Müqayisə üçün deyək ki, 23 milyon - İspaniya əhalisinin yarısı,
Avstraliya sakinlərininsə, demək olar ki, hamısı deməkdir. Bu,
Belçika və ya Kubada yaşayanların sayından iki dəfə, Danimarka və
Finlandiya əhalisindən isə dörd dəfə çoxdur.
Bu rəqəmlər ABŞ Milli Elmlər Akademiyasının jurnalında dərc edilmiş
araşdırmadan götürülüb.
Dünya üzrə son bir neçə onilliyin doğuş statistikasını öyrənən
alimlər aşkar ediblər ki, bir neçə ölkədə yeni doğulan körpələr
arasında kəskin cinsiyyət fərqi yaranıb - oğlan uşaqlarının sayı
artmaqdaykən qız uşaqlarının sayı azalmaqda davam edib.
Bu tendensiya daha çox 11 ölkədə, o cümlədən, keçmiş sovet
respublikaları olan Azərbaycan, Gürcüstan, və Ermənistanda müşahidə
olunub. Hamiləliyin ən çox pozulduğu ölkələr isə əhali sayının
həddindən artıq çox olduğu Çin və Hindistandır.
İstənməyən qızlar
Doğulan hər 100 qıza orta hesabla 100 oğlan düşür. Bu nisbət
ildən-ilə cüzi olaraq (1,03 - 1,07) dəyişsə də, ümumilikdə, bütün
ölkələr üçün eyni qalır.
Ancaq təxminən 40 il əvvəl ortaya çıxmış texnologiya hələ
doğulmamış uşağın cinsiyyətini müəyyənləşdirmək imkanı verdi və bu,
selektiv abortlar praktikasını yaratdı.
Gələcək valideynlər hamiləliyi saxlayıb-saxlamamq haqqında qərar
vermək fürsəti qazandılar.
Dünya üzrə doğum üzərində nəzarətin artması və uşaqların sayının
azalması tendensiyası olsa da, getdikcə daha çox ailə uşağın
cinsiyyətindən razı qalmadığı halda hamiləliyi bitirmə və yenidən
cəhd etmə qərarı alır. Bir çox xalqlarda oğlan uşaqlarının
doğulmasına üstünlük verilir.
Məhz buna görə də bir çox ölkələrdə həkimlərə dölün cinsiyyəti
haqda valideynlərə məlumat vermək qanunla qadağan edilib - xüsusilə
də hamiləliyin erkən çağlarında, abort şansı daha əlçatan ikən.
Oğlan uşaqlarının hədsiz çoxluğu
200 ölkədə 1970-2017-ci illər aralığındakı doğuş statistikasını
araşdıran Amerika və Sinqapur alimləri bəzi anomaliyalar aşkar
ediblər - ayrı-ayrı zaman kəsiklərində yeni doğulmuş körpələr
arasındakı cinsiyyət nisbətləri kəskin şəkildə dəyişib.
Məsələn, 2005-ci ildə Çində hər yeni doğulan 100 qız uşağına 118
oğlan düşüb. 2018-ci ildə Hindistanda bu nisbət 111 olub.
Oğlan uşaqlarının sayındakı anormal artım daha doqquz ölkədə
müşahidə edilib - Azərbaycan, Albaniya, Ermənistan, Gürcüstan,
Vyetnam, Tayvan, Tunis, Monteneqro və Cənubi Koreya.
Selektiv abortların kəskin artdığı ilk ölkə Hindistan olub. Oğlan
uşaqlarının qeyti-proporsional artımı (1,1) orda hələ 1975-ci ildən
start götürüb və bu tendensiya indi də davam etməkdədir.
980-ci illərin əvvəllərində eyni hal Çində, Koreyada, Tayvanda,
Tunisdə və Monteneqroda baş verib. Hələ də 100 qıza 114 oğlanın
düşdüyü Çin istisna olmaqla, hazırda həmin ölkələrdə vəziyyət
normallaşıb.
Üç keçmiş sovet respublikasında - Azərbaycan, Gürcüstan və
Ermənistanda selektiv abortların kəskin artışı SSRİ-nin süqutundan
sonrakı 1991-92-ci illərə təsadüf edir. Həmin illərdə bu
ölkələrdəki ümumi doğuş sayı da azalıb.
Hazırda Gürcüstanda nisbət bərabərləşib, amma Azərbaycanda və
Gürcüstanda selektiv abort təcrübəsi hələ də geniş miqyasda tətbiq
edilməkdədir. 2017-ci ildə bu ölkələrdə hər yeni doğulmuş 100 qız
uşağına 112-113 oğlan düşüb.
Mənbə: BBC/
Nokolay Voronin
Elmi
məsələlər üzrə müxbir