AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın
təhsil naziri ölkədə rus məktəblərinin açılıb-açılmayacağına dair
sualın cavabını hələ ki bilmir.
Azatutyunun bu barədə sualına cavab verən nazir Janna Andreasyan
deyib ki, Rusiya tərəfinə bu barədə iki mümkün ideya təqdim
olunub.
Onlardan biri Çin-erməni məktəblərinin modelidir. Bu məktəblərdə
əsas fənlər erməni dilində tədris edilir.
Nazirin sözlərinə görə ikinci təklif Ukraynada müharibə başlanandan
bəri Ermənistana Rusiya vətəndaşlarının axını ilə bağlıdır:
“Biz onlardan soruşduq ki, bu vətəndaşlar üçün təhsinin
təşkilinə ehtiyac varmı? Burda həm də o nəzərdə tutulurdu ki, bu
adamlar rus məktəblərində təhsil ala
bilsinlər.”
Azatutyun yazır ki, ötən dekabrda Ermənistan-Rusiya hökumətlərarası
komissiyasının iclasından sonra bu problemlə bağlı işçi qrupunun
yaradılmasına dair qərar qəbul olunub.
Lavrov nə danışırdı?
Amma bundan bir
neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov
ermənistanlı həmkarı Ararat Mirzoyanla Moskvada keçirdiyi birgə
mətbuat konfransında ona Ermənistanın rus dilinə qayğı ilə
yanaşmasına görə təşəkkürünü bildirib.
O habelə deyib ki, Ermənistandakı rus məktəblərinin sayının
artırılması üzərində iş gedir:
“Biz münasibətlərimizin bütün spektrini, bütün
məsələləri müzakirə etdik. Biz qarşılıqlı mədəni təsirləri, yeni
rus məktəblərinin açılması, dərsliklərin və mədəniyyət
vəsaitlərinin mübadiləsini müzakirə etdik. Biz cari ildə
Ermənistanda yeni rus məktəblərinin açılması səylərinin
gücləndirilməsi barədə razılığa gəldik...”
Azatutyun yazır ki, nə Rusiya, nə də Ermənistan tərəfi bu
“səylərin” nədən ibarət olduğunu açıqlamır.
Ermənistanın təhsil naziri də bu suala cavab verə bilməyib. Nazir
yalnız bunu deyib ki, razılaşma əldə olunarsa, yeni məktəb binaları
tikiləcək.
Uzaqbaşı dörd məktəb
Ermənistanda
rəsmi təhsil dili erməni dilidir. Erməni məktəblərində rus dilinin
tədrisi 2-ci sinifdən icbari hesab olunur. Digər xarici dillər 3-cü
sinifdən keçilir.
Bu da xəbər verilir ki, Ermənistanın 63 orta məktəbində rus dilinin
“dərinləşdirilmiş” tədrisi tətbiq olunur.
45 məktəbdə rus dili sinifləri var.
Ermənistanda xarici dilli məktəblər 2009-cu ildə qəbul olunmuş
“Təhsil qanunu” ilə tənzimlənir.
Bu qanuna görə ölkədə xarici dilli dövlət təhsil müəssisələrinin
sayı 11-dir.
Elə bu qanun Ermənistanda xarici dildə təhsil verən təşkilatların
maksimum sayını 4 olaraq göstərir. Bu isə o deməkdir ki, ölkədə rus
məktəblərinin ümumi sayı bundan çox ola bilməz.
Hazırda Ermənistanda rusca təhsil verən üç məktəb var.