Qorxulu müqəddəs ailə sistemi - Samirə Bayramovanın səsli fikri
Ailə, ocaq özümüzü bütün təhlükələrdən qorumaq
üçün sığındığımız müqəddəs yerimizdir. Amma böyüdükcə biz qaçmaq
istəyirik. Valideyinlərimizin bizə qarşı münasibəti bizi
sıxır.
Bizi fərd kimi görməməsi, öz tabeliyində bir idarə etdiyi sistem
kimi yanaşması yeni aqresiyalara yol açır. Bütün bunlara rağmən biz
etiraz etmədən asılı bir ömür keçirməyə razılaşa bilirik. Hər bir
etirazımız bizə ağır başa gəldikcə sonrakı etirazların ölçüsü
azalaraq sonra etiraz hissimiz yoxa çıxır. Biz səhv edə bilmərik,
olmaz. Səhv və etiraza valideyinlərimiz bizə qışqıraraq və ya
döyərək reaksiya verib. Ancaq filmlərdə görürük ki, əslində səhv
edən uşağı döymürlər ona izah edirlər, onu şəxs kimi şöhrətləndirib
onunla söhbət edirlər. Hətta məktəbdə müəllimlərimizdə valideyinlər
kimi davranır, çünki onlarda elə bizim icmanın bir üzvüdürlər,
bizdən biridirlər. Sonralar bütün başqa institutlara qarşı bizdə
etiraz qorxusu yaranıb və tələb etməkdən qorxmuşuq.
Edəcəyimiz səhvin bizə gətirmiş olduğu zərər heç vaxt
hesablanmırdı, əsasən valideyinin bundan almış olduğu narahatçılıq
və əsəbinin xərclənməsi daha çox önə çəkilirdi. Uşaq olduğumuz üçün
ayağımız sürüşüb yıxılırdıq, çünki daha uşaq olduğumuz üçün nə
qaçış məsafəsini nə də təhlükəni ölçə bilmək zehniyyətinə hələ
malik deyildik. Dizlərimiz yaralananda hələ üstündəndə bir qappaz
yeyib, bundan da yetinməyib “şilsən yoxsa kor” sözüdə bizdə
zəifliyimizə boyun əyməyi aşılayırdı. Heç bir hərəkətimiz valideyin
üçün baş aşağılığı gətirməməli və yaxınlar yanında onların başı
daima dik durmalı idi. İstək, hiss və arzular sadəcə söz olaraq
qalmışdı. Artıq böyüdükcə qorxuları başqa şeylər əvəz edirdi. Biz
qorxduğumuz üçün yalançılıq öyrənirdik. Cəza almamaq üçün heç kim
üçün lazım olmayan fərdi xarakterimizin korlaşması daha münasib
idi.
Baxmayaraq 15 yaşa çatırsan amma özəl günlərdə içkini stol altında
içməyə, rəqsi işıqları keçirib etməyə məcburluq yaranmışdı. Və
bütün bunlar üçün hər kəs biri birini tənbeh edirdi. Onsuz da kimsə
bu haqqda danışa bilməzdi çünki hər kəs eyni cəza ölçüləcəkdi. Və
artıq azad həyata addım atanda etirazlar bu kimi hadisələrdən
yaranaraq əxlaqsızlığa yol açır. İçki içmək, açıq saçıq geyinmək
bir azadlıq simvoluna çevrilir. Həyat qadını olmaq, azad seks
feministlik kimi çatdırılır. Cəmiyyətdə qadın kişi nifrətləri
yaranır. Ancaq bunlar bizim qorxularımızın səbəbi üzündən
yarandığını heç bir şəkildə etiraf edə bilmirik. Əslində feminizm
kişilərə nifrət yox bərabər hüquqluluq tələb edir.
Biz adətlər yaratmışıq və bu adətləri özümüz üçün müqəddəsləşdirib
ailə qanununa çevirmişik. Heç bir şəkildə bundan çıxmağa curət edə
bilmirik, əgər bunu bacarsan sən təklənirsən və bütün böyük kütlə
sənə qarşı vuruşmağa başlayır, artıq bu vuruşu sona qədər
çatdırmağın sənin gücündən asılıdır. Əgər bu özümüz qurub yaradıb
müqəddəsləşdirdiyimiz adətlərdə yenilik etməsək o zaman bizdə sabah
öz uşaqlarımıza elə öz valideyinlərimizin bizə davrandığı kimi
davranacağıq, bu artıq bir psixoloji vərdişə çevriləcək, bizim
içimizdə yığılıb qalmış qorxu, nifrət, etiraz hamısı öz
qarşımızdakı kiçik insanlara (uşaqlara) tuşlanacaq və beləliklə biz
zorakılığı qoruyub saxlayıb daima gələcək nəsilə ötürəcəyik. Bizim
aldığımız təhsil belə bizi xilas edə bilməyəcək əgər bu düşünülmüş
zorakı adətlərə qarşı çıxmasaq. Əgər bacarmasan, o zaman özünüzü
adətlərə qurban edərək xoşbəxt olun!
Müəllif - Samirə Bayramova