Soyuqdəymə ilə bağlı 5 YANILMA
Soyuqdəymə payız-qış fəsillərində ən tez-tez
təsadüf etdiyimiz xəstəlikdir. Bu xəstəliyin müalicəsi ilə bağlı
bir çox yanılmalar var.
Marneulifm Saglamolun.az-a istinadən sizə bu yanılmaları ilə tanış
edir.
1. Soyuqdəymə müalicə olunur
Əslində soyuqdəymənin müalicəsi yoxdur. Soyuqdəyməni 300-dən artıq
müxtəlif virus yaradır və bütün bu virusları öldürən universal
vasitə yoxdur. Həm də belə vasitəyə ehtiyac da yoxdur. İmmun
sistemimiz bu viruslarla effektli şəkildə mübarizə aparır və onları
5-7 gün ərzində dəf edir.
2. Soyuqdəymə və qripp eyni
xəstəliklərdir
Bu da yanılmadır. Qripp çox ağır və təhlükəli xəstəlikdir. Təxminən
100 il bundan əvvəl “ispan qrippi” epidemiyasından 40 milyona qədər
(!) insan ölüb. Qripp çox ağır fəsadlar verə bilir (ağciyər, ürək,
beyin iltihabları) ki, bu fəsadlar (xüsusilə söhbət ağciyər
iltihabı olan pnevmoniyadan gedir) əlilliyə və ölümə səbəb ola
bilir.
Qripp soyuqdəymə ilə müqayisədə özünü daha ağır simptomlarla büruzə
verir: kəskin qalxan yüksək qızdırma, bütün bədəndə güclü ağrılar,
ağır intoksikasiya, halsızlıq və s. Qripdən şübhələnirsinizsə
dərhal həkimə müraciət edin!
Soyuqdəymə qriplə müqayisədə daha yüngül keçir və çox nadir
hallarda hər hansı fəsad verir.
3. Antibiotiklər kömək edəcək!
Bu ən yayılmış və ən təhlükəli yanılmadır. Antibiotiklər viruslara
təsir etmir! Antibiotiklər yalnız bakteriyaları öldürür!
Antibiotiklərin tez-tez və səbəbsiz qəbulu orqanizmin onlara qarşı
həssaslığını azaldır və artıq antibiotiklər orqanizmə lazım olan
təsir etmir. Bu bütün dünyada mövcud olan problemdir.
Lakin digər tərəfdən, məslən tonzillit və ya pnevmoniyanın
müalicəsində mütləq antibiotiklərdən istifadə olunmalıdır ki, əks
halda bu çox ciddi fəsadlar verə bilər.
4. İsti maye qəbul etmək
lazımdır!
Əksinə ilıq və hətta bir qədər sərin maye qəbul etmək lazımdır.
İsti maye iltihablaşmış boğazı daha da qıcıqlandırır və həm də
bədən hərarətinin artmasına səbəb ola bilir.
5. Yüksək kalorili qidalar
Soyuqdəymə zamanı insanın iştahası pozulur. Orqanizm virusla
mübarizə etmək üçün gücünü səfərbər edir. Bu zaman ağır, yüksək
kalorili qidaların qəbulu xəstəyə heç bir fayda vermir və əksinə
orqanizmi yükləyir.
Xəstəlik zamanı yüngül, duru qidaları qəbul edin. Toyuq bulyonu
orqanizmə müalicəvi təsir edir, nəfəs yollarının təmizlənməsinə
yardım edir.