Gürcüstan Prokurorluğu üç hərbçini zorakılıq və intihar ittihamı
ilə saxlayıb.
İstintaq orqanı məhkəmədən onlara həbs cəzası verilməsini tələb
edir.
İstintaqın versiyasına görə, hərbçilər həmkarlarından birinin öz
dostunun arvadı ilə şəxsi yazışmalar apardığını biləndə onun
yaşadığı evə gələrək fiziki təzyiq göstəriblər. Hadisə yanvarın
11-də Qori rayonunun Axalşen kəndində baş verib.
“Təqsirləndirilən şəxslər zərərçəkmişi törətdiyi davranışı etiraf
etməyə məcbur ediblər və bu məlumatı açıqlamaqla hədələyiblər,
həmçinin yuxarıda qeyd olunanlara görə hərbi xidmət yerində
qeyri-rəsmi münasibət bildirəcəklərini deyiblər”, -
prokurorluğun bəyanatında deyilir.
Agentliyin məlumatına görə, kişiyə hədə-qorxu gələrək vəhşicəsinə
rəftar edildikdən sonra “qurban hadisə yerindən qaçıb və daha sonra
asılmış vəziyyətdə tapılıb”.
Hər üç əsgər fevralın 15-də saxlanılıb. Onlara qarşı Cinayət
Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsinin “b” yarımbəndi
(qrup halında zorakılıq tətbiq etmə) və 115-ci maddəsinin birinci
hissəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.
Günahları sübuta yetirilərsə, onları iki ildən dörd ilədək həbs
cəzası gözləyir.