Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri
üzrə Dövlət Naziri Aparatı 1+4 proqramı çərçivəsində təcrübə
proqramı elan edib.
Proqram çərçivəsində 1+4 proqramı ilə təhsil
alan etnik azlıq nümayəndələri dövlət idarələrində təcrübə keçə
biləcəklər.
Fəqan Abbasov artıq Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə
Dövlət Naziri Aparatında 3 aylıq təcrübə keçib. O, deyir ki,
təcrübə proqramı vasitəsilə biliklərini artırıb.
“Əvvəllər onların iş prinsipi barədə məlumatım yox idi.
Orada əsasən iki istiqamətdə – mülki inteqrasiya və münaqişə
istiqamətlərində çalışırlar. Mən hər iki istiqamətlə maraqlanırdım
və onların iş prinsipini öyrəndim”, – Fəqan Abbasov
deyir.
Fəqan Tbilisi Dövlət Universitetinin beynəlxalq əlaqələr ixtisası
üzrə 4-cü kurs tələbəsidir. O, deyir ki, təcrübə keçdiyi zaman onun
əsas məqsədi işlə təmin olunmaq deyil, sadəcə təcrübə qazanmaq
olub. Fəqanın dediyinə görə, təcrübə proqramı onun çox xoşuna gəlib
və buna görə də bu proqramda yenə iştirak etməyi düşünür.
“İkinci dəstədə də iştirak edirəm. Böyük ehtimal,
gələcək ixtisasımdan irəli gələrək bu dəfə NATO və Avropa İttifaqı
İnformasiya Mərkəzində təcrübə keçəcəyəm”, – Fəqan
Abbasov deyir.
Təcrübə proqramında iştirak etməyi universiteti bitirmiş Tozu
Gülməmmədova da düşünürdü. Onun dediyinə görə, proqram onun
inkişafı üçün yaxşı olardı, belə ki, dövlət idarələrində işləmək
üçün bütün idarələr təcrübə və staj tələb edir. Lakin Tozu
dostlarının məsləhəti ilə bu fikrindən daşınıb.
“Təcrübə proqramında iştirak etmiş dostlarım dedilər
ki, səmərəli deyildi, real olaraq işdən xəbərləri olmurdu, yəni
bilmirdilər idarədə nə baş verir, sadəcə gedirdilər. Məhz buna görə
həvəsim də qalmadı və təcrübə keçmək fikrindən
daşındım”, – Tozu deyir.
Tozu onu da qeyd edir ki, təcrübə proqramı keçən dostları işlə
təmin oluna bilmədilər və təcrübə keçməsi halında işini də atmalı
olacaqdı ki, bu da onun fikrindən daşınmasının səbəblərindən
biridir.
Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin
müavini Lia Qiqaurinin bizimlə söhbəti zamanı bildirdiyinə görə,
təcrübə proqramının məqsədi işlə təmin olunma deyil. Proqramın əsas
məqsədi gənclərdə müxtəlif praktiki vərdişlərin inkişafı və eyni
zamanda işəgötürənlərə mövcud resurslar barədə məlumat
verməkdir.
“Birmənalı olaraq təcrübə proqramı keçdim, mütləq işlə
təmin olunmalıyam demək düzgün olmaz. Lakin əgər təcrübə keçibsənsə
və yüksək səviyyədə peşə vərdişləri qazanıbsansa, müxtəlif
müsabiqələrdə qalib gəlmək və işəgötürənin tələblərinə daha yaxşı
cavab vermək imkanın çoxdur. Məhz buna görə də deyirəm ki, bu işlə
təmin olunma baxımından yaxşı perspektivdir və bu işlə təmin
olunmaq üçün zəmanət ola bilməz”, – deyə Lia Qiqauri
bildirib.
Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin
müavini Lia Qiqauri onu da qeyd edir ki, proqramın çatışmazlıqları
haqda məlumatları var.
“Bilirik ki, bəzən nazirlikdə bir az fərqli əhval
ruhiyə olur, rəhbərliyə məlumat verilir, lakin təcrübəçinin bir
başa ünsiyyətdə olduğu adamın məlumatı olmur və eyni zamanda
təcrübəçi tərəfindən də bəzən proqramdan çıxma halları baş verir,
bəzən isə onların diqqətsizliyinə görə onların təcrübə keçdiyi
yerlər öz narazılıqlarını bildirirlər”, – Lia Qiqauri
deyir və qeyd edir ki, yuxarıda qeyd olunanlardan irəli gələrək,
nazirlikdə proqramın hansı istiqamətdə gücləndirilməsi və hansı
istiqamətdə monitorinqə ehtiyac olduğu barədə artıq məlumat
var.
1+4 proqramı çərçivəsində təcrübə proqramından faydalanan 500-dək
tələbə həm dövlət idarələrində, həm də yerli özünüidarə
strukturlarında 1 aydan 6 ayadək təcrübə keçə bilərlər.