Knyazın yeni ürəklə bir ili
Knyaz Əliyev Qardabani sakinidir. O, 2018-ci ildə
ürək çatışmazlığından əziyyət çəkirdi. Həkimlər ona təcili ürək
köçürülməsinə ehtiyac olduğunu bildirirdilər. Belə əməliyyatın
Gürcüstanda mümkün olmamasına görə Knyaz Belarusun Minsk şəhərinə
getməli idi.
Onun ailəsinin imkanlarının olmaması xarici ölkədə bahalı
əməliyyatın həyata keçirilməsinə mane olurdu. Knyazın dostları və
qohumları onun vəziyyətinə biganə qalmayaraq sosial şəbəkə
üzərindən xalqa müraciət etdilər.
Beləliklə onun əməliyyat olunması üçün gənclər tərəfindən yardım
aksiyaları keçirildi. Yaşından və peşəsindən asılı olmayaraq,
tanınmış siyasətçilər də daxil olmaqla, hər kəs onu həyata
qaytarmaq üçün həmrəy oldu. Lazımi məbləğin yığılması ilə Knyaz
Əliyev 19 fevral tarixində əməliyyat olundu.
Artıq Knyaz Əliyevin əməliyyatından 1 il keçib. İndi o, bədənində
yeni ürək daşıyır. Knyazı tanıyanlar ondan xəbərsiz qalmışdılar,
onun səhhətinin yaxşı olub-olmaması hər kəsə maraqlı idi.
“Marneuli” radiosuna müsahibə verən Knyaz əməliyyatdan sonra
səhhəti barədə ətraflı şəkildə danışdı.
Şükür Allaha yaxşıyam, hər şey yaxşıdır, əməliyyatdan sonra
daha yaxşı oldum. Həkimlərlə danışdıqdan sonra həkim razılıq
vermədi çünki, televizor qarşısında, heç bir verilişə çıxmadığıma
görə stress, həyəcan olmazdı. Çox sağolsun millətimiz, hər kəs
köməkdarlıq etdi, əlindən gələni etdi. Mənə çölə çıxmaq, insanlarla
ünsiyyətə keçmək olmazdı qışı demək olar ki, mən evdə keçirmişəm.
Çölə çıxmaq olmazdı, xəstəxanaya gedəndə maska ilə gedirdim.
Əməliyyatdan öncə içində bir hiss doğur, hiss edirsən ki,
yaşayacaqsan. Mən heç ümidsizliyə qapılmadım, heç ümidimi itirmədim
10 günün içində baş verdi hər şey yaxşı oldu şükür Allaha.
Əməliyyatdan sonra dünya malına çox bağlanmamağı öyrəndim, hər an
hər şey ola bilər - Knyaz Əliyev deyir
Knyaz 1 il əvvəli xatırladı. Onun sözlərinə görə, əməliyyatdan
əvvəl bir gün belə olsun həyata olan ümidini itirməyib. O, indi
özünü yaxşı hiss edir və hər ay davamlı şəkildə həkim müayinəsindən
keçir. O, bildirdi ki, əməliyyat olunmasında ən böyük mənəvi
dəstəkçisi anası olub.
Knyaz onu da qeyd etdi ki, həyatda olmasının əsas səbəbkarı onun
xalqıdır. O, səhhəti ilə bağlı hamını məlumatsız qoymasının səbəbi
haqqında da danışdı və bildirdi ki, ona həyəcanlanmaq olmaz,
həkimlər ona canlı efirlərə çıxmağa qadağa qoyub. Belə olduğu halda
heç kimə səhhəti ilə bağlı məlumat verə bilməyib.