Gürcüstan hökuməti ölkə ərazisində beynəlxalq daşınmalarla bağlı
yeni qaydalar tətbiq etməyə başlayıb.
Bununla bağlı jurnalistlərə Gürcüstanın Distribyuterlər
Assosiasiyasının prezidenti İva Çkoniya məlumat verib.
Bildirib ki, yeni qaydalara görə, tez korlanan məhsulların
daşınmasına üçün “Yaşıl dəhliz” tətbiq olunacaq.
Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin qərarına
əsasən tez korlanan məhsulları daşıyan sürücülər Gürcüstanın patrul
polisinin nümayəndəsinə daşıdıqları məhsulun xarakterinə dair sənəd
təqdim etməlidir. Bu halda polis onları Rusiya ilə sərhədə maneəsiz
və tez bir zamanda çatmasına yardım edəcək.
Onun sözlərinə görə, Gürcüstan nəqliyyat dəhlizi rolunu oynayır.
Lakin Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişə səbəbindən
Gürcüstan Rusiya sərhəd-keçid məntəqəsində müəyyən problemlər
yaranıb. Bu məntəqədə hazırda 3 min avtomobil növbə gözləyir.
Təəssüf ki, bu cür acınacaqlı vəziyyət digər ölkələrlə sərhəd keçid
məntəqələrində də var. Lakin ən çox ləngimə Lars sərhəd-keçid
məntəqəsindədir. Gürcüstanın digər sərhəd-keçid məntəqələrində
gündəlik 600 avtomobil buraxılırsa, Lars məntəqəsində bu rəqəm
300-ə yaxındır.
“Bu günlərdə kənd təsərrüfatı məhsullarının
istehsalının artımını, onların da sırasında tez korlanan
məhsulların üstünlük təşkil etməsini nəzərə alsaq, bu qayda çox
mühüm əhəmiyyət kəsb edəcək”, – deyə İ.Çkoniya
vurğulayıb.
Mənbə: azertac.az