Qoçulu (Çapala) ictimai məktəbinin məzunu Aysun Nəbiyeva Azərbaycan
dilində ümumi qabiliyyət imtahanından 80 baldan 75 bal toplayıb.
Aysun “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, belə
nəticə gözləmirmiş.
“Çox sevinirəm ki, bu qədər bal toplamışam. Ötən yazdan bu yana
Pərvin müəllimin yanına hazırlığa gedirdim. Amma bu qədər bal
toplayacağımı gözləmirdim. Düşünürdüm ki, 60 və ya bir az artıq
olacaq. Riyazi hissə məntiqlə müqayisədə mənə çox asan idi. Hələ
hansı ixtisası seçəcəyimi bilmirəm. Müəllimlik də istəyirəm
həkimlik də, qərar vermək üçün hələ vaxtım var”.
Aysun ali təhsilini İvane Cavaxişvili adına Tbilisi Dövlət
Universitetində almaq istəyir.
5 avqust tarixində, Azərbaycan dilində ümumi qabiliyyət imtahanının
nəticələri yayımlanıb.
1+4 proqramı 2010 –cu ildən həyata keçirilir. Proqram ümumi
qabiliyyət imtahanının erməni, azərbaycan, os və abxaz dillərində
verilməsini, müvafiq bal toplandığı halda ali təhsil almaq imkanını
nəzərdə tutur. Gənclər 1 il ərzində gürcü dilində hazırlıq kursu
keçirlər və sonra 60 kredit topladıqları halda istədikləri
fakültədə təhsillərinə davam edirlər.
2010-cu ildən Gürcüstan ali təhsil müəssisələrində etnik azlıq
tələbələrinin sayı hiss olunacaq dərəcədə artıb.