Xanım Ceyranovanın uşaqları üçün dövlətə 100.000 lari təzminat ödəmək həvalə edilib
Xanım Ceyranovanın iki övladına dövlət ümumilikdə 100 000 lari təzminat ödəməlidir. Bu barədə məlumatı “Sapari” təşkilatı yayıb. Qurumun vəkili Nino Andriaşvili məhkəmədə Xanım Ceyranovanın övladlarının maraqlarını müdafiə edib. O izah edib ki, Xanım Ceyranovanın övladları gənc yaşlarında şahidi olduqları mənəvi sarsıntılara görə təzminat alıblar.

Söhbət 2014-cü il sentyabrın 16-da Saqareco bələdiyyəsinin Ləmbəli kəndində baş verənlərdən gedir - 30 yaşlı Xanım Ceyranova kişilər tərəfindən kənddə gəzdirilərək, kənd camaatının, qohumlarının və övladlarının gözü qarşısında döyülmüş, şifahi təhqir olunmuşdu. Hadisədən 2 gün sonra Xanım Ceyranova ölü tapılıb. Prokurorluğun versiyasına görə, o, özünü öldürüb.

“Sapari” Birləşmiş Millətlər Təşkilatının Qadınlar üzrə Komitəsinin (CEDAW) qərarından sonra təzminat məsələsi ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin inzibati işlər üzrə kollegiyasına müraciət edib.

BMT-nin Qadın Hüquqları Komitəsi müəyyən edib ki, Gürcüstan azyaşlı uşaqlarının gözü qarşısında ailə üzvləri tərəfindən vəhşicəsinə döyülərək ölümünə səbəb olan Xanım Ceyranovaya qarşı gender və namus əsaslı zorakılıq hallarının araşdırılmasını və mühakimə olunmasını təmin etməyib.

Komitə Gürcüstanı Ceyranovanın ölümü ilə bağlı iş üzrə operativ, hərtərəfli və müstəqil araşdırma aparmağa və günahkarları cəzalandırmağa çağırıb.

Komitə Gürcüstandan adekvat kompensasiyanın ödənilməsi də daxil olmaqla, müvafiq təzminatların təmin edilməsini, habelə Xanım Ceyranovanın övladlarından rəsmi üzr istəməsini tələb edib.

Nino Andriaşvilinin sözlərinə görə, cavabdeh qismində çıxış edən Maliyyə Nazirliyi təzminat ödəməkdən yayınmağa çalışıb.

Vəkilin sözlərinə görə, CEDAW-ın qərarından sonra kompensasiyanın ödənilməsi ilə bağlı məhkəmə mübahisəsi ümumiyyətlə gündəmdə olmayıb və hakim yalnız pulun məbləği ilə bağlı qərar verməli idi. Vəkil izah edib ki, belə hallarda qərar şifahi dinləmə olmadan çıxarılır, lakin bu işdə hakimin tərəflərin mövqeyini dinlədiyi iclas təyin edilib. Nəhayət, “Sapari”nin tələb etdiyi məbləğ – hər uşaq üçün 100 000 lari əvəzinə məhkəmə hər uşaq üçün 50 000 lari müəyyən edib.

Eyni zamanda, cinayət qanunvericiliyi istiqamətində də araşdırmalar davam etdirilirdi və bu araşdırma çərçivəsində hadisədən 8 il sonra 5 nəfər həbs olundu. Onlar Xanım Ceyranovanın ləyaqət və şərəfini aldatmaqda, gender ayrı-seçkiliyi zəminində onu qanunsuz olaraq azadlığından məhrum etməkdə ittiham olunublar.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google