Marneulinin Davit Ağmaşenebeli adına məktəbinin fəaliyyəti niyə dayandırılıb
Təhsil Keyfiyyəti üzrə Milli İnkişaf Mərkəzi Marneulinin "Davit Ağmaşenebli adına məktəb-liseyinin" valideyn və müəllim kollektivinin birgə ərizəsini təmin etməyib. Təhsil müəssisəsinin müəllimləri və valideynlər məktəbin fəaliyyəti dayandırıldıqdan sonra Təhsilin Keyfiyyəti üzrə Milli Mərkəzə müraciət ediblər.

Ümumtəhsil Müəssisələrinin Avtorizasiyası Şurasının 12 üzvü Davit Ağmaşenebeli adına məktəb-liseyin fəaliyyətinin dayandırılmasını dəstəkləyib. İclasın qərarında qeyd olunduğuna görə, şura üzvləri təhsil müəssisəsində avtorizasiyanın birinci və ikinci standartının pozulduğunu qeyd ediblər.

"Təhsil müəssisəsində bədən tərbiyəsi dərsi keçmək üçün uyğun idman zalının olmaması, il ərzində milli tədris planı ilə nəzərdə tutulmuş bədən tərbiyəsi standartı tələblərinin tam qiymətləndirilməsinə təhlükə yaradır. Meteoroloji şərtlərə baxmayaraq, şagirdlərin qiymətləndirilməsi standartı etibarlı deyildi.

Müəssisədəki şagirdlərin qiymətləndirmə sistemi onun şagirdlərin nəticələrinin yaxşılaşdırılmasına nə dərəcədə xidmət göstərdiyini sual altında qoyurdu.

Standarta görə, idman zalı bədən tərbiyəsi dərsi keçmək üçün uyğun deyil. Çünki zal mansard tipli, aşağı tavanlı məkanda yerləşir və təxliyə üçün çıxışı yoxdur. Bu vəziyyət şagirdlər üçün də təhlükəli idi"
, – Ümumtəhsil Müəssisələrinin Avtorizasiyası Şurasının qərarında qeyd olunub.

Eləcə də qərarda qeyd olunub ki, digər pozuntularla yanaşı məktəbdə müddəti keçmiş dərmanlar aşkarlanıb. Şuranın fikrincə, bu problemli məsələdir. Bununla yanaşı qərarda oxuyuruq ki, müəssisə məktəbdə quraşdırılmış su hovuzunu uyğun şəkildə işlətmirmiş. Hovuzların işlədiyini təsdiq edən jurnal olmayıb ki, bu da qanun pozuntusudur.

"Şura sədri Davit Malazonia bildirib ki, şuranın qərarı ümumtəhsil müəssisələrinin avtorizasiya ekspert qrupu tərəfindən hazırlanmış hesabata əsaslanır. Onun sözlərinə görə, müəssisə tərəfindən şura iclasında ümumtəhsil müəssisələrinin avtorizasiyası standartları baxımından aşkarlanmış uyğunsuzluğun düzəldilməsi haqqında cavablar tam təqdim olunmayıb. Davit Malazonia qeyd edib ki, uyğunsuzluqlar məktəbdə təhlükəsiz mühitin olmaması və milli təhsil planı ilə nəzərdə tutulmuş məqsədlərə, nəticələrə uyğunlaşma ilə bağlı idi",
– şuranın qərarında qeyd olunub.

Davit Ağmaşenebeli adına məktəb-liseyin direktoru Ahmet Tuğrul "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, məktəbin rəhbərliyi indiki mərhələdə Apelyasiya Şurasına vermək üçün ərizə hazırlayır.

1 mart tarixində Marneuli Təhsil-Resurs Mərkəzinin qarşısında özəl məktəbin fəaliyyətinin dayandırılması ilə bağlı etiraz aksiyası keçirilib. Şagirdlər, valideynlər, müəllimlər və təhsil müəssisəsinin rəhbərliyi hesab edir ki, Davit Ağmaşenebeli adına məktəb-liseyin avtorizsiyası ədalətsiz olaraq ləğv olunub. Davit Ağmaşenebeli adına məktəb-liseyin şagirdləri və məktəbin rəhbərliyi Marneulidən sonra Tbilisidə etiraz aksiyası keçiriblər. Şagirdlər lövhələrlə Gürcüstan Elm və Təhsil Nazirliyinin Təhsilin Keyfiyyəti üzrə Milli Mərkəzinə gediblər və məktəbin fəaliyyətini davam etdirməsini tələb ediblər. Amma onların tələbi təmin edilməyib.

Özəl məktəbdə həyata keçirilmiş monitorinq zamanı aşkarlanan pozuntulara görə, təhsil prosesi 8 mart tarixində dayandırılıb. Yaz tətili dövründə məktəb-liseyin şagirdləri Marneulinin müxtəlif məktəblərinə bölünüb.

"Marneuli" Radiosu

Print