“Gürcüstan Bankı” rus müştərilərinə bank kartı vasitəsilə bahalı
mağazalarda 300 ABŞ dollarından yuxarı alış-veriş etməyi
məhdudlaşdırıb.
Bu barədə ilkin məlumatı Rusiyanın “РБК” media orqanı yayıb.
Məlumatı “Netgazeti”yə Gürcüstan Bankı da təsdiqləyib.
Bankdan bildirirlər:
“Gürcüstan Bankı ABŞ, Avropa İttifaqı və Böyük Britaniya tərəfindən
tətbiq olunan sanksiyaların tələblərinə əməl edib və edir”, lakin
əlavə təfərrüatları açıqlamırlar.
РБК-nın məlumatına görə, məhdudiyyətlər 21 maydan etibarən Rusiyada
yaşayan müştərilərə şamil olunacaq.
Media orqanı müvafiq müştəriyə göndərilmiş bülleteni əldə edib.
Bülletendə qeyd olunur ki, bəzi yüksək səviyyəli xarici pərakəndə
satış obyektlərində, Gürcüstan Bankının kartları ilə 300 avrodan /
ABŞ dollarından / britaniya funt sterlinqindən artıq məbləğin ödəmə
imkanları məhdudlaşdırılacaq. Məhdudiyyətlər beynəlxalq
sanksiyalara uyğun olaraq tətbiq olunur – bu sanksiyalar Rusiyaya
belə dəyərdə olan lüks məhsulların çatdırılmasını qadağan edir.
Bank müştərilərindən rezidentlik statusu dəyişdikdə banka məlumat
vermələrini xahiş edir.
РБК qeyd edir ki, ödəniş sistemləri istifadəçinin hansı mağazada
əməliyyat apardığını satıcının MCC koduna əsasən müəyyən edir. Bu
identifikatorlar dünyada bütün şirkətlər üçün eynidir, bu isə o
deməkdir ki, kart məhdudiyyətləri yalnız Gürcüstanda deyil,
dünyanın istənilən ölkəsində tətbiq olunacaq – əgər ödəniş Visa və
ya Mastercard vasitəsilə həyata keçirilirsə.
Xatırladaq ki, Avropa İttifaqı 2022-ci ilin martında Rusiyaya 300
avrodan yuxarı dəyəri olan avtomobil və lüks əşyaların
göndərilməsini qadağan edib. Belə malların Rusiyaya fiziki və ya
hüquqi şəxslərə və ya Rusiyada istifadə üçün satışı qadağandır.
РБК yazır ki, əvvəllər ruslar Roma, Nitsa və ya Dubaydakı
butiklərdə lüks malların alınmasında çətinliklərlə qarşılaşırdılar,
lakin bu hallar epizodik xarakter daşıyırdı. RBC tərəfindən
sorğulanan ekspertlərin sözlərinə görə, digər bankların belə
nəzarət tədbirləri gördüyü barədə məlumat yoxdur. Onların bəziləri
düşünür ki, bu praktika Rusiyanın qonşu ölkələrinin banklarında da
tendensiyaya çevrilə bilər.