Rusiya və ABŞ Vladimir Putinlə Donald Tramp arasında yaxın günlərdə
zirvə görüşünün keçirilməsi barədə razılığa gəlib.
Bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov
deyib.
"Hazırda sammitə hazırlıq gedir və məkan da
razılaşdırılıb. Bu barədə məlumat daha sonra
veriləcək", - o əlavə edib.
Uşakovun sözlərinə görə, Moskva, hələlik, Putinin Tramp və Zelenski
ilə üçlü danışıqlarına hazırlaşmır. O,
təklifin Vaşinqtondan
gəldiyini iddia edir.
"Bu variant konkret müzakirə
olunmayıb. Rusiya tərəfi bu variantı tamamilə şərhsiz
buraxıb", - diplomat bildirib.
6 avqust
Rubio: müharibənin bitməsinin əsas
elementi ərazi məsələsi olacaq
Ərazi məsələləri Rusiya və Ukrayna arasında müharibənin bitməsinin
əsas elementləri olacaq. "Reuters" xəbər verir ki, bunu ABŞ dövlət
katibi Marko Rubio deyib. Onun sözlərinə görə, prezident Trampın
inauqurasiyasından bəri ilk dəfədir Rusiyanın müharibəni
dayandırmaq üçün nə tələb edə biləcəyi ilə bağlı konkretlik
var.
Rusiyaya ikinci dərəcəli sanksiyaların mümkün tətbiqi ilə bağlı
suala cavabında dövlət katibi prezidentin yaxın 24-36 saat ərzində
qərar verəcəyini bildirib.
Gələn həftə Trampla Putinin görüşünün keçirilməsinin mümkünlüyünə
gəlincə, Rubio vurğulayıb ki, bu, yaxın gələcəkdə tərəflər arasında
danışıqların nə dərəcədə uğurla irəliləməsindən asılıdır.
Vaşinqtonda bu fikirdədirlər ki, Ukrayna üzrə danışıqların müəyyən
mərhələsində atəşkəs elan olunmalıdır, - Rubio əlavə edib.
Avropanın diplomatik dairələrindəki mənbə AzadlıqRadiosunun
müxbirinə deyib ki, "görünür, Tramp və Putin arasında görüş
hazırlanır". NYT Trampın avqustun 6-da Ukrayna prezidenti Volodimir
Zelenski və bir sıra Avropa liderləri ilə telefon danışığının
məzmunu ilə tanış olan mənbələrinə istinadən yazır ki, belə bir
görüş artıq gələn həftə baş tuta bilər.
Putin və Tramp arasında gözlənilən görüşün yeri hələ
müəyyənləşdirilməyib. Bu, Qətər və ya İsveçrə ola bilər. CNN-nin
mənbələri Rusiya-Amerika sammitinin bu qədər tez təşkil oluna
biləcəyinə şübhə ilə yanaşır.
NYT-nin məlumatına görə, Putinlə ehtimal olunan danışıqlardan qısa
müddət sonra Tramp Putin və Zelenski ilə üçtərəfli görüş keçirməyi
planlaşdırır. Nəşrin mənbələrinə görə, o, Avropa dövlətlərinin
başçılarını bu görüşə dəvət etmək fikrində deyil.
Tramp: Müharibə
bitməlidir
ABŞ prezidenti Donald Tramp Putin və Uitkoffun danışıqlarında
"əhəmiyyətli irəliləyiş" olduğunu açıqlayıb.
"Mənim xüsusi nümayəndəm Stiv Uitkoff Rusiya prezidenti
Vladimir Putinlə son dərəcə məhsuldar görüş keçirib. Böyük
irəliləyiş əldə olunub! Bundan sonra mən bəzi avropalı
müttəfiqlərimizi məlumatlandırdım. Hamı razılaşır ki, bu müharibə
bitməlidir. Yaxın günlərdə və həftələrdə bunun üzərində
işləyəcəyik", - Tramp "Truth Social" hesabında
yazıb.
Zelenski: Rusiya indi
atəşkəsə daha çox meyllidir
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla
telefonda Uitkoffun Putinlə Kremldəki danışıqlarının nəticələrini
müzakirə edib.
"Tərəfdaşlarımızla birgə mövqeyimiz tamamilə aydındır:
müharibə bitməlidir. Və bu, dürüst sonluq olmalıdır. Söhbətdə
Avropa liderləri də iştirak edib... Biz Moskvada deyilənləri
müzakirə etdik. Ukrayna mütləq öz müstəqilliyini qoruyacaq.
Hamımıza uzun və davamlı sülh lazımdır", - Zelenski
sosial şəbəkələrdə yazıb.
"Görünür, Rusiya indi atəşkəsə daha çox meyllidir. Onlara təzyiq
işləyir. Amma əsas odur ki, bizi təfərrüatlarda aldatmasınlar - nə
bizi, nə də Birləşmiş Ştatları", - o, axşam müraciətində deyib.
'Trampdan siqnallar
alınıb'. Kremldə Putin və Uitkoffun görüşü başa
çatıb
Kremldə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi
elçisi Stiv Uitkoff arasında görüş başa çatıb. Görüş iki saat
yarımdan bir qədər çox davam edib və ehtimal ki, ABŞ prezidenti
Donald Trampın Moskvaya ultimatumuna həsr olunub.
Tramp Rusiyadan avqustun 8-dək Ukrayna ilə atəşkəsə razılaşmağı
tələb edir. Görüşdən əvvəl "The Financial Times" qəzetinin mənbəsi
iddia edirdi ki, Uitkoffun səfəri heç bir nəticə verməsə, ABŞ
prezidenti "qəzəblənəcək".
Putinin Uitkoff ilə Moskvada görüşü son altı ayda beşincidir.
Danışıqlardan sonra mətbuat konfransı keçirilməyib.
Putinin köməkçisi Yuri Uşakov Putinin Uitkoffla söhbətini "çox
faydalı və konstruktiv" adlandırıb. Onun sözlərinə görə,
danışıqlarda Ukrayna böhranı və ABŞ ilə Rusiya arasında strateji
əməkdaşlığın mümkün inkişaf perspektivləri müzakirə olunub.
"Bizim tərəfimizdən, xüsusən də Ukrayna məsələsi ilə
bağlı bəzi siqnallar verilib", - Uşakov bildirib.
"Müvafiq siqnallar prezident Trampdan da
alınıb".
"Vnukovo" hava limanında Uitkoffu Putinin xarici
ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi
nümayəndəsi Kirill Dmitriyev qarşılayıb. "Ölkələr arasında dialoq
qalib gələcək", - danışıqların yekunları ilə bağlı o,
X sosial şəbəkəsində yazıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415