Əhməd İmamquliyev "Avropalı Gürcüstan"ın merliyə namizədi ola bilər

Əhməd İmamquliyev Marneuli merliyinə namizədliyini irəli sürə bilər.

O, bizimlə söhbəti zamanı qeyd etdi ki, “Avropalı Gürcüstan” partiyasında danışıqlar hələ davam edir.

“Komandada bununla bağlı danışıqlar davam edir. Biz gözləyirik, kimin namizəd olacağı ilə bağlı aprelin əvvəllərində artıq məlumatımız olacaq”,
– Əhməd İmamquliyev deyir.

Əhməd İmamquliyev hal-hazırda Marneuli Bələdiyyə Məclisinin “Avropalı Gürcüstan” partiyasından seçilmiş deputatıdır. O, 2017-ci il yerli özünüidarə seçkilərində də merliyə namizəd idi. Lakin həmin vaxt “Gürcü Arzusu”nun namizədi Temur Abazov qalib gəlmişdi.

Temur Abazov Marneuli meri vəzifəsindən 7 aylıq ilkin həbsdən sonra getmişdi. Prokurorluq onu Marneuli sakininə qarşı qeyri-insani və alçaldıcı rəftarda ittiham edirdi.

Abazov vəzifədən getməsi ilə bağlı ərizəni Marneuli Bələdiyyə Məclisinə 12 fevral tarixində təqdim etmişdi. Bələdiyyə Məclisi onun ərizəsini arayış qismində qəbul etmişdi.

Marneulidə mer seçkiləri 2019-cu ilin may ayında keçiriləcək. Belə ki, Temur Abazov vəzifədən 15 fevral tarixinədək gedib. Gürcüstan Seçki Məcəlləsinə görə, əgər merin səlahiyyətləri 15 iyuldan 15 fevraladək dayandırılarsa, növbədənkənar seçkilər may ayında keçirilməlidir. Merin səlahiyyətləri 15 fevraldan sonra dayandırılarsa, seçkilər oktyabr ayında keçirilməlidir.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები