Ağ evin məlumatına görə, ABŞ prezidenti Donald Tramp və Çin lideri
Si Cinpin Hörmüz boğazının açıq qalmasının vacibliyini bəyan
ediblər.
Fevralın 28-də ABŞ və İsrailin İranla müharibəsi başlayandan bəri
Tehran bu strateji su yolunu faktiki olaraq bağlayıb. Hərbi
əməliyyatlara qədər dünyadakı neft və mayeləşdirilmiş qaz (LNG)
tədarükünün 20 faizi məhz bu marşrut vasitəsilə daşınırdı.
Vaşinqton tərəfi
Pekin sammitini "yaxşı görüş" kimi dəyərləndirib.
Bildirilib ki, Tramp və Si İran böhranı, fentanil qaçaqmalçılığı,
ABŞ şirkətlərinin Çin bazarına çıxışı, həmçinin Pekinin Amerikaya
investisiyalarını artırması və ABŞ-dən əlavə kənd təsərrüfatı
məhsulları idxal etməsi məsələlərini müzakirə ediblər. Ağ evin
bəyanatında deyilir:
"Tərəflər qlobal enerji axınının
sərbəst davam etməsi üçün Hörmüz boğazının açıq saxlanılmasının
vacibliyi barədə ortaq məxrəcə gəliblər".
Çin tərəfinin yaydığı rəsmi açıqlamada isə Hörmüz boğazının adı
birbaşa çəkilmir. Orada sadəcə iki liderin Yaxın Şərq, Ukrayna və
Koreya yarımadası kimi ümumi mövzular barədə danışdığı
bildirilir.
Çin hazırda İran neftinin ən böyük alıcılarından biridir və Tehran
rejimi ilə sıx tərəfdaşlıq münasibətlərinə malikdir. Buna görə də
Vaşinqton istəyir ki, Pekin öz təsir rıçaqlarını işə salaraq İranı
genişmiqyaslı sülh sazişini qəbul etməyə və Hörmüzdəki dəniz
məhdudiyyətlərini yumşaltmağa razı salsın.
Amma Tramp Vaşinqtondan yola düşməzdən əvvəl ABŞ-nin bu münaqişənin
həllində Çinin köməyinə ehtiyacı olduğu barədə iddiaları kəskin
rədd edərək
"İran məsələsində heç bir köməyə möhtac
deyilik", — deyə cavab vermişdi.
"İran mövzusu ilə bağlı pərdəarxası çox ciddi və gərgin
müzakirələrin aparılacağını gözləyirəm. Lakin bunun açıq şəkildə
bəyan ediləcəyini düşünmürəm. Çünki bu cəhdlər nəticəsiz qalacağı
təqdirdə Çin üçün ciddi reputasiya riski yarana
bilər", — deyə "American Enterprise Institute"un
eksperti İvon Çiu AzadlıqRadiosuna mövzunu şərh edib.
Görüşün sonunda Tramp Sini sentyabrın 24-də Ağ evə rəsmi səfərə
dəvət edib.
Böyük vədlər, məhdud nəticələr – Tramp və Si Pekində
görüşdü
ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin mayın 14-də
Pekində yüksəksəviyyəli danışıqlar keçiriblər. İki lider görüşdə
şəxsi münasibətlərini vurğulayıb, daha sıx əməkdaşlığın vacibliyini
qeyd ediblər. Bu sammit dünyanın iki ən böyük iqtisadiyyatı
arasında gərginliyin artdığı bir vaxtda baş tutub.
Trampı hərbi orkestrin ifası, top atəşləri və əllərində bayraq və
çiçəklər tutmuş uşaqların iştirakı ilə təntənəli mərasim ilə
qarşılayıblar. O, Xalq Yığıncaqları Sarayında çıxışında deyib:
"Sizinlə burada olmaq mənim üçün böyük şərəfdir. Sizin
dostunuz olmaq şərəfdir və Çin-ABŞ münasibətləri əvvəlkindən daha
yaxşı olacaq".
S.Cinpin isə daha ölçülü tonla danışıb. O, sammiti qlobal
qeyri-sabitliyin artdığı fonda Pekin və Vaşinqtonun rəqabəti idarə
edib-etməyəcəyinin sınağı kimi dəyərləndirib.
Si vurğulayıb ki, əsas sual Çin və ABŞ-nin "Fukidid tələsi"ni
aşaraq böyük güclər arasında yeni münasibətlər modelinə yol aça
bilib-bilməyəcəyi ilə bağlıdır. Bu nəzəriyyə yüksələn bir güclə
mövcud hegemon dövlət arasında qaçılmaz olaraq yaranan rəqabət və
qarşıdurma tendensiyasını ifadə edir.
"Biz rəqib deyil, tərəfdaş olmalıyıq, bir-birimizin uğuruna nail
olmalı, birlikdə inkişaf etməli və yeni dövrdə böyük dövlətlərin
bir-biri ilə düzgün münasibət qurma yolunu
müəyyənləşdirməliyik", – Si bildirib.
Tramp və Si 2025-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən
görüşdən sonra ilk dəfə üzbəüz danışıqlar aparırlar. Bu, həmçinin
Trampın 2017-ci ildən bəri Çinə ilk səfəridir.
Si Cinpindən Trampa Tayvan xəbərdarlığı və iqtisadi
vədlər
ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin mayın 14-də
Pekində danışıqları iki saatdan çox çəkib.
Danışıqlarda Tayvan məsələsi əsas mövzulardan biri olub. Çinin
"Sinxua" dövlət xəbər agentliyinin məlumatına görə, Si Trampa
xəbərdarlıq edib ki, bu problemin yanlış idarə olunması iki ölkəni
birbaşa qarşıdurmaya sürükləyə bilər.
"Bu məsələ düzgün idarə olunarsa, iki ölkə sabitliyi
qoruya bilər. Əks təqdirdə, iki ölkə toqquşa və hətta qarşıdurma
yarana bilər ki, bu da ABŞ-Çin münasibətlərini son dərəcə təhlükəli
vəziyyətə salar", – Si bildirib.
Daha əvvəl yayılmış məlumata görə, Tramp administrasiyası Pekinlə
gərginliyi artırmamaq üçün sammit ərəfəsində Tayvan üçün 13 milyard
dollarlıq silah paketi ilə bağlı Konqresə bildirişin göndərilməsini
təxirə salıb. Si hələ fevralda telefon danışığı zamanı Trampı bu
məsələyə son dərəcə ehtiyatla yanaşmağa çağırmışdı.
Ticarət və iqtisadi gərginlik də danışıqlarda mühüm yer tutub. Amma
ilkin nəticələr irəliləyişin məhdud olduğunu göstərir.
Pekin yüzlərlə Amerika kəsim məntəqəsinə Çinə mal əti ixracını
bərpa etmək üçün yenidən lisenziya verib. Lisenziyaların müddəti
Trampın Çin mallarına əvvəlki tarifləri tətbiq etməsindən sonra -
2025-ci ilin martında başa çatmışdı. Bu addım tariflər, ixrac
məhdudiyyətləri və təchizat zəncirləri ilə bağlı bu gün Pekində
aparılan daha geniş danışıqlar öncəsi məhdud xoşməramlı jest kimi
qiymətləndirilir.
Digər tərəfdən, Si ABŞ-nin biznes nümayəndə heyətinə Çinin xarici
bazarlara daha geniş açılacağını vəd etsə də, hələlik heç bir
konkret öhdəlik açıqlamayıb.
"Çinin xarici dünyaya qapıları getdikcə daha da geniş
açılacaq. Amerika şirkətlərini Çində daha parlaq perspektivlər
gözləyir", – Çin dövlət mediası Sinin sammitdə
dediklərindən sitat gətirib.
Təhlilçi: Tramp-Si görüşü strateji rəqabəti
zəiflətməyəcək
AzadlıqRadiosunun Çin üzrə müxbiri Reyd Stendişin yazdığına görə,
nikbin açılış bəyanatlarına baxmayaraq, sammit ticarət, Tayvan,
texnologiya, İran və Ukrayna kimi münaqişələr ətrafında getdikcə
dərinləşən fikir ayrılıqları fonunda keçirilir. Təhlilçilər hesab
edir ki, sammit simvolik jestlər və ya məhdud razılaşmalarla
nəticələnsə belə, Vaşinqton ilə Pekin arasındakı strateji rəqabət
mahiyyətcə zəifləməyəcək.
ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean məsələləri üzrə
keçmiş köməkçisi Daniel Rassell AzadlıqRadiosuna deyir:
"İstənilən iddialı bəyanatlara baxmayaraq, uzunmüddətli
istiqamət strateji rəqabət olaraq qalır. Əldə edilən nəticələrin
əksəriyyəti məhdud və anlıq maraqlara əsaslanan müvəqqəti xarakter
daşıyacaq, hər an yenidən qüvvədən düşə bilər".
Ticarət gərginliyi Trampın Pekin gündəliyinin mərkəzində dayanır.
Si isə illərlə ziddiyyətlərin dərinləşməsinə baxmayaraq, Çini sabit
və əməkdaşlığa açıq tərəfdaş kimi təqdim etməyə çalışır.
Rassell mövzunu belə şərh edir:
"Tramp aralıq seçkilər
ərəfəsində və ABŞ-nin İran münaqişəsinə cəlb olunduğu bir vaxtda
sabitlik istəyir. O, həmçinin bunu böyük şəxsi diplomatik uğur kimi
təqdim etmək niyyətindədir. Pekin isə daxili iqtisadi təzyiqləri
idarə etməyə çalışdığı bir vaxtda xarici mühitin sabit qalmasında
maraqlıdır. Böyük iddialı ritorika ilə bəzədilmiş məhdud və taktiki
nəticələr gözləmək olar".
Tramp və Si ötən il Cənubi Koreyada görüş zamanı sürətlə artan
ticarət mübahisəsini yumşaltmağa razılaşmışdı. Bundan əvvəl Pekin
ABŞ tariflərinə cavab olaraq nadir torpaq elementlərinin ixracına
geniş məhdudiyyətlər tətbiq edəcəyi ilə hədələmişdi. Çin həmin
tədbirləri bir il müddətinə təxirə saldı. Bu müvəqqəti razılaşmanın
uzadılıb-uzadılmayacağı sammitin əsas mövzularından biridir.
Bundan başqa, smartfonlardan tutmuş, qırıcı təyyarələrə qədər ən
müxtəlif sahələrdə tətbiq olunan 17 mineraldan ibarət nadir torpaq
elementləri Pekinin əlində mühüm təsir rıçaqına çevrilib. Qabaqcıl
texnologiyalar və qlobal təchizat zəncirləri uğrunda rəqabətin
kəskinləşdiyi bir dövrdə Çin bu elementlərin dünyadakı hasilat və
emal gücünün böyük hissəsinə təkbaşına nəzarət edir.
Pekin Hind-Sakit okean regionunda ABŞ-ni geri oturtmağa
çalışır – ekspert
"American Enterprise Institute"un eksperti İvon Çiu bildirib ki, Si
Trampdan qabaqcıl texnologiyalara ixrac məhdudiyyətlərinin
yumşaldılmasını istəyəcək və Vaşinqtonun Çin mallarına əlavə
tariflər tətbiq etməyəcəyinə dair təminat almağa çalışacaq.
Təhlilçilərin fikrincə, Tayvan məsələsi də danışıqlarda əsas
mövzulardan biri olacaq. Pekin üçün bu, ən həssas təhlükəsizlik
məsələsidir. Çin özünü idarə edən adanı öz suveren ərazisi sayır və
bildirir ki, lazım gəlsə, müharibə yolu ilə də olsa, onu materikə
birləşdirəcək. Çin rəsmilərinin Trampa Birləşmiş Ştatların Taypeyə
dəstəyini azaltması və adaya silah satışını məhdudlaşdırması üçün
təzyiq göstərəcəyi gözlənilir.
"Si Cinpin istəyir ki, Tayvan məsələsində ya müəyyən
güzəştlər qazansın, ya da Çinin adaya təzyiqi artıracağı halda
Trampın necə davranacağına dair təminat alsın. Bunun arxasında
Pekinin daha böyük strateji məqsədi dayanır – ABŞ-ni Hind-Sakit
okean regionunda geri oturtmaq", - Çiu
AzadlıqRadiosuna bildirib.
Tramp sammit öncəsi çıxışlarında diqqəti ticarət və investisiyalara
yönəldib. Çinin ABŞ kənd təsərrüfatı məhsulları, təyyarələr və
digər malların alışını artırması da razılaşdırıla bilər. ABŞ
prezidentini səfərdə "Tesla"nın baş direktoru İlon Mask,
"Nvidia"nın rəhbəri Censen Huanq və "Apple"ın baş direktoru Tim Kuk
daxil olmaqla, bir sıra tanınmış biznes rəhbərləri müşayiət
edir.
İrandakı müharibə və süni intellekt sahəsində rəqabətin də
müzakirələrdə mühüm yer tutacağı gözlənilir. Tramp Vaşinqtondan
yola düşməzdən əvvəl bildirib ki, səfər zamanı həbsdə olan Honqkonq
media maqnatı Cimmi Leyin məsələsini də qaldırmağı
planlaşdırır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.