Almaniyadan deportasiya olunmaq təhlükəsi ilə üzləşən tacik fəala
məhkəmə iyulun 1-dək vaxt verib.
O, Tacikistana qaytarılacağı təqdirdə həbs ediləcəyinə dair
məhkəməyə etibarlı sübutlar təqdim etməlidir. Bu iş Avropada
sığınacaq tapan Tacikistan müxalifətçilərinin narahatlığını daha da
artırıb.
Əsədullo Boboyev Avropada fəaliyyət göstərən "Tacikistanın İslahat
və İnkişafı" (Tİİ) müxalif hərəkatının üzvüdür. O, Almaniyanın
şimal-qərbində yerləşən Kleve şəhərində müvəqqəti yaşayış
icazəsi
ilə yaşayırdı. Amma həmin icazənin müddəti artıq başa çatıb.
Boboyev AzadlıqRadiosuna bildirib ki, həyat yoldaşı və iki qızının
Almaniyada qalmasına icazə verilib. Özü və yetkinlik yaşına çatmış
oğlu isə iyunun 8-də miqrasiya təcridxanasına yerləşdirilib və
hazırda deportasiya riski ilə üz-üzədirlər.
Prezident Emoməli Rəhmon 1992-ci ildən bəri Tacikistanı sərt
üsullarla idarə edir. O, siyasi rəqiblərinə qarşı genişmiqyaslı
təzyiq kampaniyası aparıb. Hökumət ölkənin iki əsas müxalif
qüvvəsini – Tacikistan İslam İntibah Partiyasını (TİİP) və "Qrup
24" hərəkatını terror təşkilatı elan edərək fəaliyyətinə qadağa
qoyub.
Hazırda müxalifətçilərin böyük hissəsi həbsdədir, onlarla insan isə
ölkəni tərk etmək məcburiyyətində qalıb.
Ekstremizm ittihamı
Saxlanıldığı mərkəzdən telefonla müsahibəsində 54 yaşlı Boboyev
bildirib ki, Tacikistan hakimiyyəti ona qarşı ekstremizm ittihamı
ilə cinayət işi açıb. Düşənbə rəhbərliyi bu ittihamdan siyasi
rəqiblərinə və tənqidçilərinə qarşı tez-tez bir alət kimi istifadə
edir.
Tacikistanda Boboyev sosial şəbəkələrdə hökumət əleyhinə kəskin
paylaşımları ilə tanınır.
"Almaniya məhkəməsi mənə iyulun 1-dək vaxt verib ki,
Tacikistana qaytarılacağım halda təhlükə ilə üzləşəcəyimi sübut
edim", – 2017-ci ildə ölkədən çıxan Boboyev
bildirib.
AzadlıqRadiosu məsələ ilə bağlı Almaniyanın rəsmi qurumlarından
hələlik cavab ala bilməyib.
Tİİ-nin rəhbəri Şərofiddin Qadoyev deyib ki, təşkilat Boboyevin
hüquqlarını müdafiə etmək üçün vəkil tutub.
AzadlıqRadiosu Tacikistan hakimiyyətindən Boboyevə cinayət işinin
açıldığını rəsmən təsdiqlədə bilməyib.
Son illər Almaniya və digər Avropa ölkələrindən deportasiya olunan
bir sıra tacik müxalifətçilər və hökumət tənqidçiləri ölkəyə
qayıdan kimi həbs edilib, uzunmüddətli azadlıqdan məhrumetmə
cəzalarına məhkum olunublar.
Fərqli fikrə görə on illərlə həbs
2024-cü ildə Polşadan deportasiya edilən tacik fəal Fərrux İkromova
23 il həbs cəzası verilib. Onun məhkəmə prosesi qapalı keçirilib,
hakimiyyət orqanları bu iş barədə ictimaiyyətə açıqlama verməyib.
Müxalifət İkromovun 2023-cü ildə Berlində keçirilən etiraz
aksiyasında iştirakına görə hədəfə alındığını iddia edir. O zaman
Tacikistan müxalifətinin tərəfdarları Rəhmonun Almaniyaya səfəri
zamanı onun kortejinə yumurta atmışdılar.
Fəaliyyəti qadağan olunmuş TİİP-in üzvü Hizbullo Şovalizodə 2020-ci
ildə Avstriyadan deportasiya edilib. Bir neçə ay sonra ona dövlətə
xəyanət ittihamı ilə 20 il həbs cəzası kəsilib.
Ötən il Almaniyada yaşayan Tacikistan vətəndaşı Səidəzəm Rəhmonov
sənədlərini yeniləmək üçün Düşənbəyə səfəri zamanı saxlanılıb və
nəzarət altında olarkən müəmmalı şəkildə ölüb. Ailəsi və yaxınları
Rəhmonovun bədənində ağır döyülmə və elektrik cərəyanı ilə işgəncə
izləri olduğunu bildiriblər. Mənbələrin məlumatına görə, Rəhmonov
dini ekstremizmdə və terror aktı planlaşdırmaqda ittiham olunub.
Amma onun hər hansı bir siyasi təşkilatla əlaqəsinin olmadığı
vurğulanır.
Dissidentlər qorxu içində
AzadlıqRadiosunun tacik xidmətinin müxbiri Mirzonəbi Xoliqzod yazır
ki, Boboyevin Almaniyada saxlanılması mühacirətdə yaşayan digər
tacik müxalifətçilərin təşvişini artırıb.
2016-cı ildən Avropada yaşayan "Qrup 24" üzvü İsomiddin Aşurov
deyir ki, bir çoxları növbənin onlara çatacağından ehtiyat edir. O,
Tacikistana qaytarılacağı halda eyni acı aqibətlə üzləşəcəyindən
qorxur: "Tacikistandakı qohumlarım mənə dedilər ki, hüquq-mühafizə
orqanları mənim və "Qrup 24" üzvü olan iki əmimin fotolarını
yayaraq barəmizdə axtarış elan edib, yerimizi deyənlərə isə pul
mükafatı vəd olunub".
Avropadakı müxalif siyasətçi Fərhod Odinayevin sözlərinə görə,
Almaniya hökuməti əvvəllər də bəzi tacik sığınacaq axtaranlardan öz
ölkələrində onlara qarşı cinayət işi başlandığına dair rəsmi sübut
tələb edib.
"Cinayət işinin olmaması həmin şəxsin təqib
edilməyəcəyi anlamına gəlmir. Deportasiyadan sonra Tacikistanda
həbs edilənlərin çoxunun adı Düşənbənin rəsmi axtarış siyahısında
ümumiyyətlə olmayıb", – Odinayev AzadlıqRadiosuna
bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.