Azərbaycan gömrük sərhədindən malların və avtomobillərin keçirilməsi qaydası dəyişib
Azərbaycan Nazirlər Kabineti “Gömrük
sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan
edilməsi Qaydaları”nda dəyişiklik edib.
"Marneuli" Radiosu ONA-ya istinadən xəbər verir ki, indiyə qədər
qüvvədə olan “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat
vasitələrinin bəyan edilməsi Qaydaları”na əsasən. mallar müvəqqəti
saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə və
malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının
yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən
istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük
ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada
təqdim edildikdə qısa idxal bəyannaməsi verilib.
Eyni zamanda qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə
gətirilməzdən əvvəl elektron formada gömrük orqanlarına təqdim
edilə bilərdi.
Dəyişikliyə əsasən, artıq fiziki şəxslər tərəfindən gömrük
sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların
keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə
gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal
bəyannaməsi verilməlidir. Qısa idxal bəyannaməsinin verilməməsi
bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük
rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə
mane olmur.
Qeyd edək ki, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat
vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik “Azərbaycan
Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında”
Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1431-VQD
nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 28 dekabr tarixli fərmanının icrasının
təmn edilməsi məqsədilə edilib. 2019-cu il fevralın 1-dən qüvvəyə
minən qanunda müvafiq dəyişiklik əksini tapıb.