Bu gün, 24 fevral tarixində Tbilisidə yerləşən Mirzə Fətəli Axundov
adına Azərbaycan Mədəniyyət Müzeyində Xocalı soyqrımına həsr
olunmuş anım tədbiri keçirildi.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyi, Mirzə Fətəli Axundov
adına Azərbaycan Mədəniyyəti Muzeyi və Heydər Əliyev adına Tbilisi
Dövlət Peşəkar Azərbaycan Dram Teatrının təşkilatçılığı ilə baş
tutub.
Anım mərasimi çərçivəsində Xocalı qətliamı mövzusunda fotolar
sərgilənib. Tədbir iştirakçıları ilk öncə Xocalı qurbanlarının
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra “Xocalıya
ədalət” beynəlxalq kampaniyası çərçivəsində çəkilən sənədli filmin
nümayişi olub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin
Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Səudiyyə Ərəbistanı,
Qazaxıstan, Ukrayna səfirləri və Gürcüstandakı diplomatik korpusun
nümayəndələri, Gürcüstanın ictimai xadimləri və azərbaycanlı
ziyalılar iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında Xocalının
işğalı tarixindən və şəhərdə mülki insanlara qarşı törədilən
kütləvi qırğından söz açıb. O, Xocalı soyqırımının Azərbaycanın
tarixində qara səhifə və XX əsrin ən dəhşətli cinayəti
adlandırıb.
F.Quliyev Azərbaycanın tarixi ərazilərini azad etmək üçün aparılan
44 günlük müharibədən də danışıb. O qeyd edib ki, Ermənistan bu
müharibədə də beynəlxalq humanitar hüquq normalarını pozub.
Səfir qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi
sonuncu hərbi təxribatı Azərbaycanın dəmir yumruğu ilə qarşılaşıb
və Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə
uyğun olaraq öz ərazi bütövlüyü və suverenliyini bərpa edib.
Daha sonra çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren
Yazqan Xocall qurbanlarına və şəhidlərə Allahdan rəhmət diləyib. O,
tezliklə Xocalı qurbanları üçün də ədalətin tam bərpa oluncağına
inam ifadə edib.
Mərasimin sonunda Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət
Dram Teatrının gürcü dilində hazırladığı “Ana fəryadı” adlı
teatrlaşdırılmış səhnə təqdim olunub. Səhnə əsərində işğaldan azad
olunan yurduna qayıdan gənc qızın taleyindən bəhs edilir. Xocalı
şahidi olan həmin qız faciə barədə acı xatirələrini danışır. Sonda
qızın anası səhnədə görünür. Qadının ruh və ya sağ olması fikri
tamaşaçıların ixtiyarına buraxılır. Kiçik tamaşa ana və balanın
sülhə çağırışları ilə bitir.
Qeyd edək ki, Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi
şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli
texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də
Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini
xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib.
Lakin silahlılar dinc sakinləri gülləbaran ediblər. Xocalı
soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar
olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə
məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər
əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68
qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xatırladaq ki, Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və
dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan
səfirlikləri və diaspor təşkilatları fəaliyyət göstərdikləri
ölkələrdə hər il fevralın 26-da anım mərasimləri təşkil edir,
konfranslar keçirirlər.
Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri qırğını əks
etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, kitablar
sərgilənir.
Xəbərdə Report və APA-nın matrialından da istifadə edilib.