Tbilisi şəhərində Mirzə Fətəli Axundzadə adına Azərbaycan
Mədəniyyəti Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli
nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr
olunan tədbir keçirilib.
Mərasimdə qüdrətli söz ustadının həyat və yaradıcılığından bəhs
edilib, onun əsərlərindən parçalar səsləndirilib.
Professor Mahmud Kamaloğlu çıxışında Aşıq Ələsgərin aşıq məktəbinin
zənginləşdirilməsi və inkişafındakı böyük xidmətlərindən danışıb.
Onun sözlərinə görə, ustad aşıq Borçalı mahalına da səfər edib: “Bu
səfər barədə geniş məlumat yoxdur. Bizdə olan məlumata əsasən, o,
Təhlə kəndində toyda iştirak edib”.
Sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi
Ramel Lətifov tədbirin təşkilinə görə Azərbaycan Mədəniyyəti
Mərkəzinə təşəkkür edib. O, Gürcüstanda bütün görkəmli aşıqlar kimi
Aşıq Ələsgərin yaradıcılığına da böyük qiymət və dəyərin
verildiyini bildirib.
Yunus Əmrə İnstitutunun Tbilisi üzrə koordinatoru Ali Oğuzhan
Yüksel aşıq sənətini türk mədəniyyətinin ortaq dəyəri adlandıraraq
qeyd edib ki, qədim saz-söz ənənələrinin Gürüstanda bu gün də
yaşadılması böyük fərəh doğurur.
Tədbir aşıq Nargilə Mehtiyevanın rəhbərlik etdiyi “Meydan” qrupu və
yerli aşıqlar Şahbaz Göycəoğlu, Samir Qaraxanov, Əfqan Şamilov Aşıq
Ələgərin şeirlərini sazda ifa ediblər.
N.Mehtiyeva, Gürcüstanı 2018-ci ildə Avroviziya mahnı müsabiqəsində
təmsil etmiş Mixail Cavaxişvili və “İaloni” qadın ansamblının birgə
ifasında təqdim olunan “Balaca oğlan itirmişəm” məşhur gürcü
folklor nəğməsini mərasim iştirakçıları böyük maraqla
qarşılayıblar. Sintez olunmuş kompozisiyaya Aşıq Ələsgərin
“Çərşənbə günündə çeşmə başında” şeirindən parça daxil edilib.
M.Cavaxişvili tədbirə dəvət aldığından çox məmnun olduğunu
söyləyib. O, azərbaycanlıların zəngin mədəniyyətə sahib olduqlarını
bildirib. “Bu gün bu mərasimdə birgə ifamızla köhnə Tiflisin mədəni
müxtəlifliyini bir daha xatırlatdıq”.
Yubiley axşamında azərbaycanlı ziyalılar, məktəblilər və gənclər
iştirak ediblər.
Mənbə: report.az