Komendant saatı yenə də qüvvədə qalır. Bu barədə Qurumlararası
Şuranın iclasından sonra bildiriblər.
“Qurumlararası Şuranın qərarı ilə sərt məhdudiyyətlərin
və epidemioloji vəziyyətin daha da ağırlaşması hallarının qarşısını
almaq məqsədi ilə ölkədə axşam saat 9-dan saat 5-ə qədər hərəkətlə
bağlı məhdudiyyət yenə qüvvədə qalır”, – Qiorqi
Qibradze bildirib.
Bundan əlavə iaşə obyektləri üçün şənbə-bazar günləri tətbiq
edilmiş məhdudiyyət də qüvvədə qalır. Qibradze qeyd edib ki,
təcriddə olan şəxslərin, onların təmaslarının və ölkəyə girənlərin
özünütəciridinə nəzarət də sərtləşdiriləcək.
Komendant saatı artıq beş aydır qüvvədədir. Hərəkətlə bağlı
məhdudiyyət ikinci dalğa zamanı, 2020-ci ilin 9 noyabr tarixində
tətbiq edilib. O zaman Şuranın qərarı ilə Tbilisi, Batumi, Kutaisi,
Rustavi, Zuqdidi, Qori və Poti kimi böyük şəhərlərdə saat 22:00-dan
saat 5-ə qədər hərəkətə məhdudiyyət qoyulmuşdu. Yalnız seçkilərin
ikinci turunda iki günlük, 20-21 noyabr tarixlərində saat 22:00-dan
05:00-a qədər istisnaya yol verilmişdi.
Şura bir neçə gün sonra 28 noyabr tarixində məhdudiyyətləri
sərtəşdirdi: saat 21:00-dan küçəyə çıxmaq qadağan edildi. Bundan
sonra komendant saatı yalnız iki dəfə, yeni ildə və Milad gecəsi
ləğv olunub.
Daha bir “yüngülləşdirmə” 28 mart tarixində Gürcüstan-İspaniya
futbol oyununa bilet alanlar üçün oldu. Onlara gecə saat 01:00-a
qədər küçədə qalmağa icazə verilmişdi. Gürcüstan hökuməti Novruz
bayramını qeyd etmək üçün gecə komendant saatının qaldırılmasını
tələb edən Azərbaycanlı icmaya eyni hüququ vermədi.
Etiraz əlaməti olaraq komendant saatı dəfələrlə pozulub. Etiraz
aksiyaları keçirilirdi. Fəalların bir qismi Tbilisidə, Parlament
qarşısında eləcə də Batumi və Kutaisidə səhərə kimi küçədə qalırdı.
Hadisə yerinə polis əməkdaşları cəlb edilsə də, onlara cərimə
yazmırdılar və yalnız növbəti gün fəallara cərimə qəbzləri
göndərilirdi. Onlarsa ödəməkdən imtina edir və cərimələri şikayət
edirdilər.