Azərbaycan Prezidenti İlham Əliyev Ordubad Su Elektrik
Stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamda qeyd olunub ki, əhalinin
məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və
maddi rifahının yüksəldilməsi məqsədilə ölkə ərazisində, eləcə də
Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı abadlıq, quruculuq və
yenidənqurma işləri davam etdirilir. Cari ilin may ayında
Azərbaycan Respublikasının Prezidenti Naxçıvan Muxtar
Respublikasında səfərdə olmuş və bir sıra iri layihələrin açılışını
həyata keçirib. Həmçinin ölkə başçısının imzaladığı müvafiq
sərəncamlara əsasən gücü 36 MVt olan Ordubad Su Elektrik
Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə 10 milyon
manat, “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində
müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması
işlərinin davam etdirilməsi məqsədi ilə 5 milyon manat,
Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata
keçirilməsi məqsədi ilə 30 milyon manat və Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi inkişafının daha da
sürətləndirilməsi məqsədilə 10 milyon manat vəsait Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabinetinə ayrılıb.
Sərəncama əsasən, gücü 36 MVt olan Ordubad Su Elektrik
Stansiyasının tikintisinin davam etdirilməsi məqsədi ilə əlavə
olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar
tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 13,5 milyon (on
üç milyon beş yüz min) manatı Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabinetinə ayrılıb.
Mənbə: report.az