Marneuli bələdiyyəsində indiyə qədər 200-dən artıq adam “Pfizer”
peyvəndi vurdurub. Üç gündür ki, Marneuli “Geo Hospitals”
klinikasında “Pfizer” peyvəndini vurdurmaq mümkündür.
Marneuli meri səlahiyyətlərinin icraçısı Zaur Tabatadze və digər
əməkdaşlar tibb müəssisəsində peyvənd prosesi ilə tanış olub. Zaur
Tabatadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, digər
inzibati ərazi vahidlərində də koronavirusa qarşı vaksin vurdurmaq
mümkün olacaq.
“Bir neçə gün əvvəl “Pfizer” vaksini qəbul etdik.
Vətəndaşlar qeydiyyatdan keçirildi. Demək olar ki, peyvənd prosesi
yüksək templə davam edir. Əhali başa düşür ki, bizim xilasımızın
yeganə vasitəsi peyvənddir. Marneulidə bu dəqiqələrdə iki məntəqə
işləyir. Onların hər ikisi “Geo Hospitals”-dadır. Ancaq səyyar
qruplar hazırlanıb, onlar yaxın gələcəkdə fəaliyyətə başlayacaqlar
və müvafiq olaraq, bələdiyyə ərazisindəki müxtəlif ərazi
vahidliklərinə də gedəcəklər”, – Zaur Tabatadze
bildirdi.
28 iyul tarixində Marneuli sakini Rezo Tsirtsidze “Pfizer” vaksini
vurdurub. O, düşünür ki, koronavirusu məğlub etmək üçün bu yeganə
yoldur.
“Birinci dozanı vurdurdum. Koronavirusu məğlub etmək
üçün başqa vasitəmiz yoxdur. Əhaliyə məsləhət görürəm ki, tez
zamanda peyvənd vurdursunlar və bacardığımız qədər tez zamanda
virusu məğlub edək. Ətrafımızdakıların qayğısına
qalmalıyıq”, – Rezo Tsirtsidze bildirdi.
Marneuli meriyasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış
Xidmətinin rəhbəri Vaja Şubitidze də koronavirusa qarşı vaksin
vurdurub. O, əhalini peyvənd vurdurmağa çağırır.
“Kovidə qarşı vaksin vurdurdum. Bunu özüm üçün vacib
hesab edirəm vəə hamını peyvənd vurdurmağa çağırıram. Çünki belə
özümü və ailə üzvlərimi daha çox müdafiədə hiss edirəm, bununla
ictimaiyyətin qayğısına qalmaq istəyirəm.”
“Geo Hospitals” tibb mərkəzinin direktoru İoseb Mqaloblişvili
bildirdi ki, son dövrdə peyvənd üçün müraciətlərin sayı kifayət
qədər artıb. Tibb müəssisəsi peyvənd vurdurmuş şəxslərin
həvəsləndirilməsi məqsədi ilə güzəştli tariflər təyin edir.
“Gördüyünüz kimi, müraciət maksimum dərəcədə yüksəkdir.
“Geo Hospitals” həvəsləndirmə məqsədi ilə peyvənd olunmuş şəxslərə
laboratoriya və digər müayinələrdə olduqca güzəştli tariflər təklif
edir. Ümid edirəm ki, bu şəkildə də davam edəcək.
”
“Geo Hospitals”-ın qərarı ilə vətəndaş peyvənd vurdurduğunu təsdiq
edən “kovid pasport”, yaxud QR kod təqdim edərsə, “motivasiya
kartı” çərçivəsində ilin sonuna qədər həkimi təyin etdiyi hər hansı
laboratoriya, yaxud müayinədən, həmçinin, kompüter
tomoqrafiyasından faydalanmaq imkanı olacaq. Güzəşt 30%-lik
endirimi nəzərdə tutur.