2021-ci il yerli özünüidarə seçkiləri fərqli qaydada keçiriləcək.
Təxminən bir ildir ki, Gürcüstan Parlamentinin qərarı ilə Seçki
Məcəlləsində gender kvotası ilə bağlı dəyişiklik edilib.
Partiyalara proprsional siyahının üçlüyünə ən az bir nəfər fərqli
cinsin nümayəndəsi daxil etmək öhdəliyi qoyuldu. Bu prinsiplə,
Marneulidə ümumilikdə 10 partiya seçki siyahısı təqdim edib.
Marneulili mülki fəal Samirə Bayramova hesab edir ki, qadınların
siyasətə qoşulması mühümdür. Ancaq bu formal baxımdan olmamalıdır.
O, hesab edir ki, Marneulinin seçki siyahılarında təqdim edilmiş
qadınların əksəriyyəti siyahıya formal şəkildə daxil edilib.
"Təəssüf ki, onların ad və soyadı, cinsiyyəti siyahıda
formal, simvolik şəkildə göründüyünə görə, bu bizə həmin
istiqamətdə hələ çox işimizin olduğunu göstərir. İşləməliyik ki, bu
siyahılarda həqiqi siyasətçi qadınlar olsun və bu işdə birlikdə
olaq. Marneulinin timsalında deyə bilərəm ki, bir neçə partiyadan
siyahıda olan qadınlardan yalnız birinin seçkiqabağı proseslərə
fəal şəkildə qoşulduğunu görürük. O, həmçinin, media ilə əməkdaşlıq
edir. Qalanları təəssüf ki, mediaya çıxmağı ayıb hesab edir və
utanırlar. Formal və simvolik yanaşmalardan real həyata keçməliyik.
O zaman qadınların siyasi həyata qoşulmasından, inkişafdan və
sağlam həyat tərzindən danışa bilərik."
Seçkiqabağı görüşlərdə qadınlara az, yaxud heç rast gəlməyəcəyiniz
hallar tez-tez baş verir. Müvafiq olaraq onların ehtiyacları az
görünür. Mülki fəal düşünür ki, buna səbəb seçicilərlə görüşlərin
qadınların getmədiyi məkanlarda keçirilməsidir. (Məs. Çayxana).
"Biz görürük ki, namizədlərin əksəriyyəti kişidir.
Onlar siyasətçi deyil. Biz siyhıda elə adamlar görürük ki,
biznesmendirlər. Aydındır ki, indi də biznesdədirlər. Sadəcə
bizneslərini genişləndirmək istəyirlər ki, meriya, yerli özünüidarə
ilə hüquqi münasibətə asan girsinlər. Onlar siyasi dəyişikliklər,
seçicilər üçün nə isə etməyə görə deyil, buna görə
qoşulublar."
"Salam" platformasının son zamanlarda hazırladığı araşdırma da
həmin problemlərdən bəhs edir. Araşdırma Marneulidə yaşayan
qadınların problem və ehtiyaclarını üzərə çıxarır.
"Mən indiyə kimi eşitməmişəm ki, hansısa nümayəndə
gəlsin və bizimlə, qadınlarla görüşsün. Heç məlumat da vermirlər
ki, bu gün, yaxud sabah bu vaxtda nümayəndə, mer, yaxud başqa
şəxslə görüş olacaq", — Qadın müsahiblərdən biri qeyd
edir.
Qeyd edək ki, araşdırmanın əsas tövsiyəsindən biri seçkilərdən
əvvəl siyasi partiyaların qadınlarla bağlı ayrı görüş keçirmək
barədə düşünməsidir ki, onlar orada siyasi liderlərə sərbəst
şəkildə konkret ehtiyaclarından, problemlərindən danışa
bilsinlər.