“Mixeil Saakaşvilinin həyatı sual
altındadır”.
Bunu Ukrayna ombudsmanı Lyudmila Denisova Gürcüstanın üçüncü
Prezidenti Mixeil Saakaşviliyə saxlandığı Rustavi türməsində baş
çəkəndən sonra jurnalistlərə deyib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti ombudsmanın
M.Saakaşvilinin mülki xəstəxanaya yerləşdirilməsi ilə bağlı
tövsiyələrini nəzərə almalıdır.
L.Denisova qeyd edib ki, siyasətçinin saxlanılması və hüquqlarının
müdafiəsinə dair hesabat hazırlayacaq və Ukraynada akkreditə
olunmuş səfirlər, Avropa Parlamentinin deputatlarına təqdim
edəcək.
Ombudsman məsələ ilə bağlı gürcü həmkarı ilə görüşəcək. O, Ukrayna
prezidenti Vladimir Zelenski ilə görüş də tələb edəcəyini
bildirib.
Qeyd edək ki, oktyabrın 1-də Tbilisidə saxlanılan M.Saakaşvili
artıq 27-ci gündür aclıq aksiyası keçirir. O, tibbi müdaxiləyə
razılıq versə də, həbsxana klinikasına yerləşdirilmədən imtina
edib.
Mənbə: report.az