Marneulidə su təchizatı sisteminin tikintisində işləyən işçilər növbəti dəfə meriya qarşısında aksiya keçiriblər (VİDEO)
16:20 / 29.11.2021
Bu gün, 29 noyabr tarixində Marneuli meriyası qarşısında su
təchizatı və kanalizasiya sistemi tikintisində çalışan işçilər
növbəti dəfə aksiya keçiriblər.
Aksiya iştirakçıları yerli özünüidarədən və aidiyyəti orqanlardan
onların maaşlarının ödənilməsində köməklik göstərmələrini
istəyirlər.
Meriya qarşısına toplaşan işçilər bildirirlər ki, onlar dəfələrlə
bu cür bir yerə toplaşaraq maaş tələb etsələr də, bu günə qədər
onlar maaşlarının hamısını ala bilməyiblər.
“Kasıb insanlarıq. Hamımız yığılıb soyuqda, yayda,
günün istisində, tozda işləmişik. Haqqımızı tələb edirik. Bir ay
maaşım durur. 700 lari alasıyam. Bunlar bizi barmağına dolayıblar.
İşləmişik ki, ailəmizə 3-5 manat pul aparaq”, –
Hüseynov Abbas bildirdi.
“İşləmişik, aylığımızı ala bilmirik. 800 lari Teradan
alacağım var. 560 lari də Akelikdən alasıyam. Buğalterə zəng
etmişəm. Mənə deyir ki, bir də mənə zəng etmə. Kimlər evdə yatırdı,
onların aylığı verildi. Kimlər ki, şikayət edir onların ayığı
verilməyəcək. Hər yerə müraciət etmişik, amma nəticəsi
yoxdur”, – Paşa Carçıyev dedi.
“1900 lari keçən ildən qalıb. 2500 lari də bu ilkindən
qalıb. Vermirlər. Hara deyirsən, heç kim üzərinə götürmür ki,
mənlikdir. Heç bir yerdə də işləmirəm”, – Darvaz
Mehdiyev dedi.
Marneulidə su təchizatı-kanalizasiya sisteminin tikintisini həyata
keçirən “Akelik Group” podratçı şirkət “Tera Group” ilə müqavilə
bağlayıb. İşçilər indi hər iki şirkətdən maaş gözləyirlər.
Qeyd edək ki, “Akelik Group” şirkətinin işçiləri Marneuli meriyası
qarşısında ötən aylarda da aksiyalar keçirirdilər. İndi olduğu
kimi, onda da əsas tələb şirkətin maaşları ödəməsi idi.
Su təchizatı-kanalizasiya sisteminin tikintisi layihəsinə Şəhər
Xidmətinin Yaxşılaşdırılması İnvestisiya Proqramı çərçivəsində
Asiya Bankı tərəfindən 55 940 022 dollar maliyyə ayrılıb. Tikinti
işlərini Azərbaycan şirkəti “Akelik Group” həyata keçirir.