Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti xanım
Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli xanım Prezident,
Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi
təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik dostluq, mehriban qonşuluq
və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulub. Bu il
isə ikitərəfli əlaqələrimizin tarixində xüsusilə əlamətdardır – biz
Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu müddət
ərzində qarşılıqlı etimada əsaslanan əməkdaşlığımızın genişlənməsi
və strateji tərəfdaşlığımızın möhkəmlənməsi bizi sevindirir.
Əminəm ki, xalqlarımızın iradəsini əks etdirən dövlətlərarası
münasibətlərimiz, müxtəlif sahələri əhatə edən səmərəli
əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da uğurla davam
edərək ölkələrimizin rifahına, regionda əmin-amanlığa və sabitliyə
töhfə verəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə
müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim firavanlıq
diləyirəm".