“Azərbaycan və Gürcüstan dünya miqyasında nüfuzlu ölkələrdir” – Faiq Quliyev
“Bu gün müstəqil Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin zəmini, dünya miqyasında dayanıqlı, nüfuzlu ölkələrdir”.

Bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneulinin İctimai Kollecində təşkil olunan hər iki ölkənin müstəqillik günlərinə həsr edilən tədbirdə deyib.

O, 28 May - Azərbaycanın Müstəqillik Gününün Gürcüstanda qeyd edilməsinin rəmzi xarakter daşıdığını bildirib: “Azərbaycanın ilk müstəqilliyinin bəyannaməsi 1918-ci ildə məhz Tbilisidə qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin Tbilisi şəhəri ilə bağlılıqları olub. Bildiyiniz kimi, parlament sədri olmuş Əlimərdanbəy Topçubaşov Tbilisidə doğulub. Eyni zamanda, ilk baş nazir Fətəli xan Xoyski Gürcüstana mühacirət edib, 1920-ci ildə Tbilisidə erməni daşnakları tərəfindən qətlə yetirilib və Botanika bağındakı görkəmli azərbaycanlıların panteonunda dəfn olunub. Azərbaycan dövləti və xalqı Cümhuriyyətin qurucularını böyük hörmətlə anır, onların əziz xatirələri qəlblərimizdə yaşayır”.

Səfirin sözlərinə görə, Azərbaycan və Gürcüstan 104 ildir müstəqillik yolunda irəliləyir və inkişaf edir. “Hər iki dövlət 1991-ci ildə müstəqilliklərini yenidən bərpa ediblər. Azərbaycan və Gürcüstanı dostluq və qardaşlıq münasibətləri bağlayır. Biz starteji tərəfdaşıq. Ölkələrimiz arasında əsas təməl sənədlər 1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana ilk rəsmi səfəri zamanı imzalanıb. Həmin dövrdən münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlməyə başlayıb”.

F.Quliyev deyib ki, hər iki ölkəni nəhəng layihələr də birləşdirir: “Regional və dünya miqyasında əhəmiyyətli layihələrin reallaşdırılmasına o zaman hegemon dövlətlər manelər törədirdilər. Lakin ulu öndərlər - Heydər Əliyev və Eduard Şevardnadzenin uzaqgörən siyasətləri və güclü iradələri sayəsində layihələrin həyata keçirilməinə nail olundu. Dövlətlərimiz və xalqlarımız layihələrin bəhrəsini görür, regionda baş verən hadisələr fonunda onların vacibliyi daha da artıb”.

Müstəqillik yolunda Azərbaycan və Gürcüstanın oxşar talelər yaşadığını qeyd edən diplomat bu gün hər iki ölkə arasında sıx əlaqələrin və müttəfiqlik münasibətlərinin olduğu deyib: “Bütün sahələrdə əlaqələrimizin inkişafına irəliləyişlər var. Əminik ki, müstəqilliklərimiz əbədi və sarsılmazdır. Gürcüstana sülh, inkişaf və firavanlıq arzulayırıq”.

Səfir çıxışında 44 günlük Vətən müharibəsinə də toxunub. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqları heç bir dövlətin müdaxiləsi olmadan, Türkiyənin mənəvi və siyasi dəstəyi ilə azad edib: “Biz şəhidlərimizi rəhmətlə anırıq, qazilərimizə şəfa diləyirik. Müharibədə Gürcüstan əsilli 21 nəfər şəhidlik zirvəsinə ucalıb. Onların xatirəsini ehtiramla anırıq, valideynlərinə bu cür qəhrəman övladlar yetişdirdiyinə görə minnətdarıq. Əminəm ki, Gürcüstan da ərazi bütövlüyünün bərpasına nail olacaq”.

Tədbirin təşkilatçısı Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Marneuli meri Kənan Ömərov və digərləri də çıxış edərək hər iki ölkənin müstəqillik tarixinə nəzər salıblar, milli bayramlar münasibətilə təbriklərini çatdırıblar, Gürcüstanın da işğal altında olan torpaqlarını tezliklə geri qaytaracağına ümidvarlıq ifadə ediblər.

Bayram mərasimində Gürcüstan və Azərbaycanın dövlət himnləri səsləndirilib, kollecin şagirdləri şeir və mahnılarla çıxış ediblər.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google