Dözülməz isti, su mühərrikinin uğultusu, qurumuş çiçəklər və içməli
su gözləntisi – Marneulidə 20 yanvar küçəsi 2a ünvanının sakini
olan 24 ailənin gündəlik həyat tərzi belədir.
Əhaliyə əslində həftədə 3 gün su verilməlidir, amma sakinlər
bizimlə söhbətləri zamanı bildirirlər ki, 3 aydan artıqdır su
götürə bilmirlər.
20 yanvar küçəsi 2a ünvanının sakinləri “Marneuli” radiosuna
bildirdilər ki, demək olar, içməli su verilmir. Onlar qeyd edirlər
ki, “Birləşmiş Su Təchizatı Şirkəti” həftədə üç dəfə içməli su
verir, amma su qısa müddət ərzində gəlir. Suyun təzyiqi də çox
aşağı olduğundan çənləri doldura bilmirlər.



“Marneuli” radiosu 20 yanvar küçəsi 2a ünvanında yaşayan sakinlərin
problemi barədə Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinə məlumat
verib. Şirkətdən bildirdilər ki, qeyd olunan istiqamətdə içməli su
nasosu sıradan çıxıb və indiki mərhələdə təmir işləri aparılır.
Şirkətdən bildirirlər ki, 20 yanvar küçəsi 2a ünvanına içməli suyun
verilməsi gələn həftədən adi rejimdə davam edəcək.