Mən repetitorluğa başlayan ilk gündən keyfiyyətə önəm vermişəm,
kəmiyyətə deyil – Bu fikirləri “Marneuli” radiosuna müsahibəsi
zamanı bu il 1+4 proqramı ilə imtahan verərək 80 mümkün baldan 75
bal toplayan Aysun Nəbiyevanın repetitoru Fərzin Məşədiyev
bildirdi.
Bolnisi rayonunun Arıxlı və Muğanlı kəndlərində gürcü sektorunda
fizika və riyaziyyat fənlərini tədris edən Məşədiyevin sözlərinə
görə, o, artıq 5 ildir ki, müəllim kimi fəaliyyət göstərir. O,
deyir ki, müəllimlik fəaliyyətinə başladığı ilk günlərdən etibarən
yuxarı sinif şagirdləri ilə ünsiyyət qurmağa başlayıb. 28 yaşı
olmasına baxmayaraq, o, özündən bir neçə yaş kiçik olan
məktəblilərlə münasibətdə elə də çətinlik çəkməyib və şagirdlərə
ilk olaraq özünü, sonra isə fənnini sevdirməyə çalışıb.
Bu gün onun Marneulinin kəndlərində dərs dediyi və ali məktəblərə
hazırladığı 10-larla şagirdi var. Repetitorluq həyatından danışan
Məşədiyev deyir ki, iki ildir, onun hazırladığı abituriyentlər
yüksək balla ali məktəblərə qəbul olurlar. Bu il isə onun 40-a
yaxın tələbəsi olub. Tələbələrin hər biri isə yüksək balla qəbul
imtahanlarından keçiblər.
Fərzin Məşədiyev abituriyentlərin qəbul olması üçün hər hansı
xüsusi metoddan istifadə etmədiyini, sadəcə gördüyü işə sevgi ilə
yanaşdığını vurğulayır.
“Bu il həqiqətən çox güclü tələbələrim var idi.
Nəticələrdən də razıyam. Çox ciddi hazırlaşırdıq. Yüksək bal
toplamalarına səbəb onlarda təhsilə olan marağın artmasıdır, çox
çalışırlar. Biz müəllimlərdə ilbəil daha da inkişaf edirik, daha
sadə üsullar axtarışındayıq. Hazırladığım abituriyentlərin qəbul
olduğunu eşitmək elə bir hissdir ki, sözlə ifadə etmək çətindir. Bu
il kəsilən tələbəm olmayıb, keçən il 1 nəfərim kəsilmişdi. Mən
repetitorluğa başlayan ilk gündən keyfiyyətə önəm vermişəm,
kəmiyyətə deyil. Qruplarımda 4-5 nəfər şagird olur. Yüksək bal
toplamalarına təkan verən əsas amil budur”.
Onun sözlərinə görə, bu gün onun hazırladığı gənclərin əksəriyyəti
universitetlərdə müəllimlik peşəsi üzrə təhsil alırlar.
“Onlarla tələbəm bu gün universitetdə mənim peşəmi
davam etdirirlər. Tam əminliklə deyə bilərəm ki, onlara bu ixtisası
məhz mən sevdirmişəm. Onların hər biri təhsillərini uğurla davam
etdirirlər, bu da məni qürurlandırır”.
Gənc müəllimin sözlərinə görə, məntiq imtahanı olduqca asan və sadə
üsulla tərtib edilib. Buna görə də o, abituriyentlərin şifahi
hesablamalara üstünlük vermələrini məsləhət görür. Məşədiyev deyir
ki, gənclərin gələcəkdə özlərini daha da təkmilləşdirmələri üçün
yaxşı olardı ki, imtahanlarda yalnız məntiq və riyaziyyat deyil,
müxtəlif fənlər də əlavə olunsun.
“Etnik azlıqlar üçün bu imtahanın olmasını müsbət
qiymətləndirirəm. Lakin məni tam qane etmir. İstərdim ki, bu
imtahanla birlikdə digər fənlərdən də imtahan olsun. Şagirdlərimiz
məktəbdə öyrənilən digər fənlərə də diqqət yetirsin. Gələcəkdə
peşəkar olmaları üçün bu çox vacibdir”.
Fərzin Məşədiyev deyir ki, müəllim olmaq uşaqlıq arzusu olub. Bu
sahəyə yiyələnməkdə onun əsas dəstəkcisi fizika müəlliməsi olan
anası, Tehranə Məşədiyeva olub. O, hələ uşaq yaşlarından evdə
özündən yaşca kiçiklərə dərslər keçir və onların qarşılaşdıqları
problemləri həll etməkdə köməkçi olurmuş.