Meriya eyvanları uçmuş binadan çıxarılmış əhalinin mehmanxanada qalmaq müddətini uzadır və pulu artırır
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi çoxmərtəbəli yaşayış binasının eyvanlarının uçması nəticəsində zərərçəkmiş ailələrin sığınacaqla təmin edilməsi üçün üçüncü sadələşdirilmiş müqavilə bağlayıb və 32 400 lari ödəyib.

Meriya Nərimanov küçəsi 1 ünvanında yerləşən yaşayış korpusunda yaşayan 24 vətəndaşın təhlükəsiz yaşayış məkanı ilə təmin edilməsi üçün üçüncü dəfə pul ayırıb və “Qafqaz” mehmanxanası ilə təcili surətdə müqavilə bağlayıb.

“Cari ilin 2 aqvust tarixində Marneuli şəhər inzibati vahidliyində merin nümayəndəsi Elçin Cəfərli meriyaya yazılı müraciət edib. Müraciətdə qeyd edilib ki, əvvəlcədən hesablanmış təxmini xidmət dövrü başa çatıb, xidmət göstərilməsi isə 15 gün müddətinə davam etdiriləcək. Xahiş edirik, Maliyyə-Büdcə Xidmərinə qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək tapşırığı verəsiniz”, – izahatnamədə yazılıb.

Sadələşdirilmiş tenderə görə, əhali yaşayış korpusunun dam örtüyünün və eyvanların bərpasına qədər mehmanxanada qalmalı olacaq. İndiki mərhələdə güman edilən tarix 15 gün müzakirə olunur.

28 nəfər “Qafqaz” mehmanxanasına 1 iyul tarixində, 16 gün müddətinə yerləşdirilmişdi. Meriya bunun üçün 40 000 lari ödəyib. Bələdiyyə Mehmanxana xidməti üçün müqaviləni 17 iyuldan davam etdirib və 37 800 lari ödəyib.

26 iyunda Marneulinin Nərimanov küçəsi 1 ünvanında yerləşən yaşayış binasında beşinci və dördüncü mərtəbənin eyvanı uçub. Eyvanların uçması nəticəsində iki qadın dünyasını dəyişib.

Binanın vəziyyətini Levan Samxarauli adına Məhkəmə Ekspertizasının Milli Bürosu araşdırıb. Onların nəticəsinə görə, binanın bərkitmə-gücləndirmə işlərinə ehtiyacı var.

Meriya binanın dam örtüyü və eyvanların bərpasına lazım olan layihə-büdcə sənədlərinin alınmasına görə 14 160 lari dəyərində sadələşdirilmiş müqaviləni artıq həyata keçirib. Bərpa işlərinin başlama tarixi hələ məlum deyil.

"Marneuli" Radiosu
Print