Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İnsan Alverinə
və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları
hakimin hökmü ilə 2 nəfəri, 1986-cı il təvəllüdlü L.A. və 1977-ci
il təvəllüdlü X.A-nı saxlayıblar.
“İntensiv istintaq, o cümlədən hakimin hökmü əsasında
həyata keçirilən gizli istintaq hərəkətləri nəticəsində əldə
edilmiş sübutlarla müəyyən edilib ki, təqsirləndirilən şəxslər
maddi qazanc əldə etmək məqsədilə sistemli şəkildə fiziki və
psixoloji zorakılıq tətbiq etməklə 1986-cı il təvəllüdlü əlil şəxsi
Tbilisidə Kür çayının sol sahilinin ərazisində dayanmağa və
müxtəlif şəxslərlə cinsi əlaqədə olmağa məcbur
ediblər”.
İstintaq həmçinin müəyyən edib ki, təqsirləndirilən şəxslər bu
yolla əldə etdikləri pulları tam şəkildə mənimsəyiblər.
Zərərçəkənin qazandığı pul müəyyən məbləğə çatmadığı halda o,
fiziki və psixoloji zorakılığa, hədələrə məruz qalıb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən
aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki
təqsirləndirilən şəxs Tbilisidə saxlanılıb”, -
məlumatda deyilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı
Cinayət Məcəlləsinin köməksiz vəziyyətdə olan şəxsə qarşı insan
alveri ilə bağlı 143-cü maddəsinin 2-ci və 3-cü hissələri ilə
araşdırma aparılır.
Cinayət 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.