1+4 proqramı çərçivəsində 500-ə qədər gənc təcrübə keçə biləcək

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı 1+4 proqramı çərçivəsində təcrübə proqramı elan edib.

Proqram çərçivəsində 1+4 proqramı ilə təhsil alan etnik azlıq nümayəndələri dövlət idarələrində təcrübə keçə biləcəklər.

Fəqan Abbasov artıq Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatında 3 aylıq təcrübə keçib. O, deyir ki, təcrübə proqramı vasitəsilə biliklərini artırıb.

“Əvvəllər onların iş prinsipi barədə məlumatım yox idi. Orada əsasən iki istiqamətdə – mülki inteqrasiya və münaqişə istiqamətlərində çalışırlar. Mən hər iki istiqamətlə maraqlanırdım və onların iş prinsipini öyrəndim”, – Fəqan Abbasov deyir.

Fəqan Tbilisi Dövlət Universitetinin beynəlxalq əlaqələr ixtisası üzrə 4-cü kurs tələbəsidir. O, deyir ki, təcrübə keçdiyi zaman onun əsas məqsədi işlə təmin olunmaq deyil, sadəcə təcrübə qazanmaq olub. Fəqanın dediyinə görə, təcrübə proqramı onun çox xoşuna gəlib və buna görə də bu proqramda yenə iştirak etməyi düşünür.

“İkinci dəstədə də iştirak edirəm. Böyük ehtimal, gələcək ixtisasımdan irəli gələrək bu dəfə NATO və Avropa İttifaqı İnformasiya Mərkəzində təcrübə keçəcəyəm”, – Fəqan Abbasov deyir.

Təcrübə proqramında iştirak etməyi universiteti bitirmiş Tozu Gülməmmədova da düşünürdü. Onun dediyinə görə, proqram onun inkişafı üçün yaxşı olardı, belə ki, dövlət idarələrində işləmək üçün bütün idarələr təcrübə və staj tələb edir. Lakin Tozu dostlarının məsləhəti ilə bu fikrindən daşınıb.

“Təcrübə proqramında iştirak etmiş dostlarım dedilər ki, səmərəli deyildi, real olaraq işdən xəbərləri olmurdu, yəni bilmirdilər idarədə nə baş verir, sadəcə gedirdilər. Məhz buna görə həvəsim də qalmadı və təcrübə keçmək fikrindən daşındım”, – Tozu deyir.

Tozu onu da qeyd edir ki, təcrübə proqramı keçən dostları işlə təmin oluna bilmədilər və təcrübə keçməsi halında işini də atmalı olacaqdı ki, bu da onun fikrindən daşınmasının səbəblərindən biridir.

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin müavini Lia Qiqaurinin bizimlə söhbəti zamanı bildirdiyinə görə, təcrübə proqramının məqsədi işlə təmin olunma deyil. Proqramın əsas məqsədi gənclərdə müxtəlif praktiki vərdişlərin inkişafı və eyni zamanda işəgötürənlərə mövcud resurslar barədə məlumat verməkdir.

“Birmənalı olaraq təcrübə proqramı keçdim, mütləq işlə təmin olunmalıyam demək düzgün olmaz. Lakin əgər təcrübə keçibsənsə və yüksək səviyyədə peşə vərdişləri qazanıbsansa, müxtəlif müsabiqələrdə qalib gəlmək və işəgötürənin tələblərinə daha yaxşı cavab vermək imkanın çoxdur. Məhz buna görə də deyirəm ki, bu işlə təmin olunma baxımından yaxşı perspektivdir və bu işlə təmin olunmaq üçün zəmanət ola bilməz”, – deyə Lia Qiqauri bildirib.

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin müavini Lia Qiqauri onu da qeyd edir ki, proqramın çatışmazlıqları haqda məlumatları var.

“Bilirik ki, bəzən nazirlikdə bir az fərqli əhval ruhiyə olur, rəhbərliyə məlumat verilir, lakin təcrübəçinin bir başa ünsiyyətdə olduğu adamın məlumatı olmur və eyni zamanda təcrübəçi tərəfindən də bəzən proqramdan çıxma halları baş verir, bəzən isə onların diqqətsizliyinə görə onların təcrübə keçdiyi yerlər öz narazılıqlarını bildirirlər”, – Lia Qiqauri deyir və qeyd edir ki, yuxarıda qeyd olunanlardan irəli gələrək, nazirlikdə proqramın hansı istiqamətdə gücləndirilməsi və hansı istiqamətdə monitorinqə ehtiyac olduğu barədə artıq məlumat var.

1+4 proqramı çərçivəsində təcrübə proqramından faydalanan 500-dək tələbə həm dövlət idarələrində, həm də yerli özünüidarə strukturlarında 1 aydan 6 ayadək təcrübə keçə bilərlər.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები