“Gürcüstan” partiyası Marneuli meri vəzifəsinə namizədini qeydiyyatdan keçirib
“Gürcüstan” partiyası Marneuli meri vəzifəsinə namizəd kimi Leila Xaraişvilini qeydiyyatdan keçirib. Partiyanın sədri Qiorqi Liluaşvili hesab edir ki, Xaraişvilinin mer seçilməsi Marneulinin inkişafına əhəmiyyətli dərəcədə kömək edəcək.

“Bu bölgəyə yeni baxışların gətirilməsi vacibdir və hesab edirik ki, bu xanımın mer seçilməsi irəliləyiş olacaq. Bundan əlavə bu bölgədə xanımların öz mövqeyini bildirmək və vəzifədə olmaq imkanları olmayıb” - Qiorqi Liluaşvili dedi.

Leila Xaraişvili əslən Laqodexi rayonundandır. O, 15 il ərzində orada ferma sahibi olub. Onun dediyinə görə, mer seçilməsi Marneulidə inteqrasiya və kənd təsərrüfatı baxımından mühüm yeniliklər gətirəcək.

“Nə təsərrüfat, nə insanlarla ünsiyyət mənə yad deyil. Ümumiyyətlə insanları sevirəm. Mənim proqramım əsasən kənd təsərrüfatının inkişafı, mədəniyyət sahələrinin inkişafı olacaq. Təhsil baxımından inteqrasiya olsun və millətlər arasında fərq qoyulmasın” - Leila Xaraişvili dedi.

Leila Xaraişvili ixtisasca iqtisadçıdır və hal-hazırda Milli Elmlər Akademiyasında çalışır. O, hələlik Marneuli meri vəzifəsinə namizədliyi irəli sürülmüş yeganə qadındır.



Print ელ. ფოსტა
FaceBook Twitter Google