Əhməd İmamquliyev Marneuli merliyinə
namizədliyini irəli sürə bilər.
O,
bizimlə söhbəti zamanı qeyd etdi ki, “Avropalı Gürcüstan”
partiyasında danışıqlar hələ davam edir.
“Komandada bununla bağlı danışıqlar davam edir. Biz gözləyirik,
kimin namizəd olacağı ilə bağlı aprelin əvvəllərində artıq
məlumatımız olacaq”, – Əhməd İmamquliyev deyir.
Əhməd İmamquliyev hal-hazırda Marneuli Bələdiyyə Məclisinin
“Avropalı Gürcüstan” partiyasından seçilmiş deputatıdır. O, 2017-ci
il yerli özünüidarə seçkilərində də merliyə namizəd idi. Lakin
həmin vaxt “Gürcü Arzusu”nun namizədi Temur Abazov qalib
gəlmişdi.
Temur Abazov Marneuli meri vəzifəsindən 7 aylıq ilkin həbsdən sonra
getmişdi. Prokurorluq onu Marneuli sakininə qarşı qeyri-insani və
alçaldıcı rəftarda ittiham edirdi.
Abazov vəzifədən getməsi ilə bağlı ərizəni Marneuli Bələdiyyə
Məclisinə 12 fevral tarixində təqdim etmişdi. Bələdiyyə Məclisi
onun ərizəsini arayış qismində qəbul etmişdi.
Marneulidə mer seçkiləri 2019-cu ilin may ayında keçiriləcək. Belə
ki, Temur Abazov vəzifədən 15 fevral tarixinədək gedib. Gürcüstan
Seçki Məcəlləsinə görə, əgər merin səlahiyyətləri 15 iyuldan 15
fevraladək dayandırılarsa, növbədənkənar seçkilər may ayında
keçirilməlidir. Merin səlahiyyətləri 15 fevraldan sonra
dayandırılarsa, seçkilər oktyabr ayında keçirilməlidir.