Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı
qüvvə və texnikanın sayı məlum olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 19 500-ə
yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.
Bundan başqa, hücum edən tərəfin 725 ədəd tankı, 1 923 ədəd zirehli
döyüş maşını, 347 ədəd artilleriya sistemi, 111 ədəd RYAS (reaktiv
yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə
sistemi, 154 ədəd
hərbi təyyarəsi, 137 ədəd helikopteri, 1 387 ədəd nəqliyyat
vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 119 ədəd dronu,
25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv
edilib.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım
Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas
bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və
Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə
keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın
dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının
silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının
olması ittihamını rədd edib.
Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya
arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda
təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ
başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən
rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə
etməyəcəklərini vurğulayıblar.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa
müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma
respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman
imzalayıb.
2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın
“denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən
təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk
“respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə
ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma
başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə
indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson,
Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub,
milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk
günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə
salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu
sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.
Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın
Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin
araşdırılmasına başlayıb.
Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq
əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq
tanıyır.