Meriya uşaq meydançasının yaradılması üçün Smit ailəsinə üç yer təklif etdi

Dünən 2 oktyabr tarixində Marneuli meriyasının və Smit ailəsinin nümayəndələri arasında görüş keçirildi. Görüşdə bələdiyyə nümayəndələri Smit ailəsinin nümayəndələrinə uşaq meydançasının yaradılması üçün üç alternativ təklif ediblər.

“Onlara üç yer təklif etdik və bildirdilər ki, hər üç yer xoşlarına gəlib. Lakin hansı yerin onlar üçün, eləcə də bələdiyyə üçün daha əlverişli olacağı barədə qərara gəldikdən sonra layihənin həyata keçirilməsinə başlanılacaq”, - Marneuli merinin müavini Laşa Lobcanidze bildirdi.



Mixeil Cavaxişvilinin büstünün qarşısındakı yer bələdiyyə tərəfindən təklif olunan yerlər arasında deyil. İlk olaraq Rayan Smit məhz bu yerdə uşaq meydançasını yaratmaq istəyirdi.

Smit ailəsi “Ata Holdinq” idman mərkəzinin qarşısındakı park, 3 saylı ictimai məktəbin qarşısındakı park və Cavaxişvili parkından (ağac və oturacaqlar olmayan park) birini seçməlidirlər.

Smit ailəsinin dostlarından Vladimer Kizalovun dediyinə görə, Rayan Smitin qardaşı Mayk Smit hər üç yerə də baxıb və qərarlarını bir neçə gün ərzində, ailə ilə məsləhətləşmələrdən sonra verəcək.

Smit ailəsinin dostunun dediyinə görə, “Ata Holdinq” qarşısındakı parkda fəaliyyətsiz fəvvarə var və uşaq meydançası onun sökülməsindən sonra mümkün ola bilər. 3 saylı məktəbin qarşısındakı park isə nisbətən kiçikdir və hər üç tərəfdən maşınlar hərəkət edir, bu isə uşaqlar üçün təhlükə yarada bilər. Cavaxişvili parkında isə yalnız kollar var və uşaq meydançasının orada yaradılmasını məqsədəuyğun hesab etmir.

Layihənin həyata keçirilməsi üçün meriyanın maddi dəstəyinə də ehtiyac yarana bilər.

“Ola bilsin ki, burada sökülmə işlərinin həyata keçirilməsi üçün meriya tərəfindən maliyyə yardımına da ehtiyacımız olsun. Daha sonra isə Mayk və bizim layihəni həyata keçirək” – Vladimer Kizalov bildirdi.



Xatırladırıq ki, Smit ailəsi Duşeti rayonunda, Xada dərəsində7 iyul tarixində qətlə yetirilmiş halda tapılmışdı. Amerikalı ər-arvad və onların 4 yaşlı övladlarının qətlində isə 19 yaşlı Malxaz Kobauri ittiham olunur.

Rayan Smitin ideyasını həyata keçirmək üçün 10 iyul tarixində Marneulidə imza toplama aksiyası başlamışdı.

"Marneuli" Radiosu
Print